Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Ağdam, 29 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Ağdam şəhərindəki İmarət Kompleksi.
Ağdam şəhərindəki İmarət Kompleksi Qarabağın ən mühüm tarixi-memarlıq abidələrindəndir. Ərazisi 3,3 hektar olan kompleks Qarabağ xanlığının banisi Pənahəli xanın sarayı və digər tarixi tikililər, türbələr, tarixi qəbiristanlıq, Qarabağ atlarının təqdimatı üçün atçılıq kompleksindən ibarətdir. Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş İbrahimxəlil xanın, onun oğlu, Qarabağın sonuncu hakimi Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı, görkəmli şair, rəssam Xurşidbanu Natəvanın məzarları İmarət Kompleksində yerləşir.
İmarət Kompleksi Ağdamın əsas turizm məkanlarından biri kimi regionun mədəni və tarixi potensialını əks etdirir. Kompleks ziyarətçilərə Qarabağın zəngin tarixini, memarlıq ənənələrini və mədəni irsini yaxından tanımaq imkanı yaradır. Kompleksə gələn qonaqlar, turistlər burada yaradılmış ziyarətçi mərkəzi, muzey və kafenin xidmətlərindən istifadə edə bilirlər. Ziyarətçilər Ağdamın tarixi yaddaşını və mədəni irsini özündə yaşadan məkanlardan olan İmarət Kompleksindən yüksək təəssüratlarla ayrılırlar.