Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Misli Premyer Liqasında yerini qorumağı bacaran “İmişli” yeni mövsümün planlarını cızır. Bölgə təmsilçisi ilk öncə baş məşqçi məsələsinə aydınlıq gətirmək niyyətindədir.
İdman.Biz futbolinfo.az-a istinadən xəbər verir ki, rəhbərlik cari mövsümün əvvəlində komandaya təyinat alan və debütantı elitada saxlamağı bacaran Jorj Kaşkilya ilə yola davam etməyəcək. Özünəməxsus oyun üslubunu tətbiq edən və hamıdan xal almağı bacaran portuqalyalının tələbləri rəhbərliyi qane etməyib.
Kaşkilya ilk öncə öz maaşına kiçik məbləğdə artım istəyib. O, yeni müqavilənin təxminən illik 50 min dollar (85 min AZN) əlavə edilməklə imzalanmasını xahiş edib.
Rəhbərlik məşqçini buna layiq bilməyib və ona əvəzedici axtarışına çıxıb.
Uşaq futboluna, infrastruktura pul ayırmağı lazımsız hesab edən imişlililər əvəzində yeni əcnəbi məşqçi üçün həvəslə maliyyə tapıb. Didərgin həyat yaşayan, cari mövsümü Qubada keçirən, gələn mövsüm üçün başqa bir rayonu gözaltı edən klub rəhbərliyinin uşaq futboluna münasibəti onlara geyim dəstlərinin alınmamasında özünü göstərmişdi. Əvəzində legionerlərə qucaq açan komanda indi də adını dəqiqləşdirə bilmədiyimiz ispan çalşıdırıcı ilə təmasa keçib. Mövsüm bitən kimi Kaşkilya yola salınacaq və həmin məşqçi posta əyləşəcək.