“İmişli” və “Sumqayıt” çıxış yolu axtarır, “Araz Naxçıvan” “qıfıllanıb”

09.11.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Misli Premyer Liqasında çempionluq mübarizəsi ilə yanaşı, “zirzəmi”də də gərginlik artır. Son “beşlik”də yer alan komandaların bəziləri mövqelərini yaxşılaşdırmağa çalışır, digərləri isə hələ də böhrandan çıxa bilmir.

Aşağı pillələrdə “İmişli” və “Sumqayıt” sıçrayış edib. Ervins Perkonsun müvəqqəti baş məşqçi təyin olunandan sonra “İmişli” xüsusilə ev oyunlarında məğlubedilməzlik seriyası yaxalayıb. 11 turdan sonra 11 xal toplayan bölgə təmsilçisi turnir cədvəlinin 8-ci pilləsinə yüksəlib. Komanda səfərdə “Kəpəz”ə 0:1 hesabı ilə uduzduğu görüşdə də xal qazana bilərdi. Həmin görüşdə baş hakim Elçin Məsiyevin “İmişli”nin vurduğu qolu qeydə almaması sonradan AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov tərəfindən də səhv qərar kimi qiymətləndirildi.

Startda qələbəyə həsrət qalan “Sumqayıt” tədricən toparlanmağa doğru irəliləyir. Son 2 matçında 2 xal toplayan “kimyaçılar” 10 oyundan sonra 10 xalla 9-cu pillədədir. Üstəlik, Felipe Kandidonun yetirmələrinin “Sabah”la təxirə salınmış bir oyunu da var.

11 tura cəmi 8 xal toplayan “Qəbələ” 10-cu sıradadır. Yeton Bekirinin gəlişi ilə komandanın oyununda müəyyən irəliləyiş nəzərə çarpır. Şimali makedoniyalı rəhbərliyi altında “qırmızı-qaralar”ın ikinci dövrədə autsayderlər zonasından uzaqlaşa biləcəyi gözlənilir.

Elitanın yeni iştirakçısı “Şəfa” isə yüksək liqaya uyğunlaşmaqda çətinlik çəkir. Son 5 qarşılaşmada 3 məğlubiyyət və 2 heç-heçə qeydə alan paytaxt təmsilçisi 5 xalla 11-ci pillədə qərarlaşıb.

Liqanın ən uğursuz baş məşqçi dəyişikliyi isə “Araz-Naxçıvan”da gerçəkləşib. Yuri Maksimovun rəhbərliyi altında cəmi 2 xal toplayan Naxçıvan təmsilçisi qalan görüşlərdə məğlubiyyətlə üzləşib. 11 oyundan sonra hələ də qələbə qazanmayan Naxçıvan klubu 4 xalla turnir cədvəlinin sonuncu pilləsinə “lövbər atıb”.

Ayxan Zayıdzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью