İmişlidə gecəyarısı 60 yaşlı kişi bacısı oğluna xəsarət yetirdi

15.12.2025

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

İmişli rayonunda 1965-ci il təvəllüdlü Sevindik münaqişə zəminində həmkəndlisi və bacısı oğlu Zamidə xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 1 sentyabr 2025-ci ildə, gecə saat 00:40 radələrində rayonunun Gövhərli kəndində baş verib. 
Kənd sakini Sevindik kənddə yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Zamid ilə torpaq sahələrinə su verilməsi ilə əlaqədar şəxsi münasibətləri zəminində aralarında yaranmış mübahisə zamanı əlində olan bel ilə onun kürək nahiyəsinə bir dəfə və sol qoluna bir dəfə vurub. 
Hadisəni törədən Sevindikin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Sevindik ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, sentyabrın 1-də Gövhərli kəndində yerləşən 1 hektar 20 sot ərazidən ibarət torpaq sahəsini suvararkən suyun gəlmədiyini, təxminən 15 metr kənarda olan zərərçəkmiş Zamidə məxsus torpaq sahəsinin yanında suyun kəsildiyini görüb: “Həmin vaxt Zamidin “VAZ 2106” markalı avtomobilində yatdığını gördüm və yaxınlaşaraq pəncərəni döydüm, onu yuxudan oyatdım. Suyumu kəsməsinin səbəbini soruşdum. Zamid də məni təhqir etidiyindən əsəbiləşdim və əlimdə olan bel ilə onun başına vurmaq istəyərkən sol əlini qabağa verdi, bel qoluna dəydi. Bundan sonra Zamid yaxınlaşaraq yumruqla sinə nahiyəmə vurdu. Mən zərbənin təsirindən yerə yıxıldım. Həmin vaxt əlimə daş qırıntısı batdı”.
İş üzrə zərərçəkmiş Zamidin sözlərinə görə, sentyabrın 1-də İmişli rayonunun Gövhərli kəndi ərazisində olan 1 hektar 35 sot torpaq sahəsinə su verərkən özünə məxsus avtomobildə yatıb: “Həmin vaxt dayım Sevindik həmin əraziyə gələrək suyunu kəsdiyini bildirdi. Mən isə ona suyu kəsmədiyimi dedim. Sevindik yalan danışdığımı dedikdən sonra birlikdə getdik, suya baxdıq. Suyun çox hissəsinin Sevindikin torpaq sahəsinə axdığını gördük. Mən öz sahəmə tərəf qayıdanda Sevindik nalayiq ifadələr işlətdi, əlində olan bel ilə ona tərəf gələrək arxa sağ kürək nahiyəmə vuraraq xəsarət yetirdi. Mən dayıma tərəf döndükdə isə ikinci dəfə vurmaq istəyərkən sol qolumu qabağa verdim, bel sol qoluma dəydi və xəsarət aldım. Mən həmin vaxt yerə yıxıldım. Yerdə olan zaman Sevindik nalayiq söyüşlərlə təhqir edərək bədənimin müxtəlif nahiyələrinə əlindəki bel ilə vuraraq xəsarət yetirmək istəyərkən özümə məxsus avtomobilin yanında olduğum  üçün avtomobilin altına girmək istədim. Sevindik məni vurmaq istəyərkən zərbələr avtomobilin sağ arxa krlosuna və arxa panelinə dəydi. Yenidən üstümə hücum edən zaman özünü müdafiə etmək üçün əlim ilə Sevindikin sinəsinə vuraraq itələdim”.
İmişli Rayon Məhkəməsinin hökmü ilə Sevindik  1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təyin edilmiş cəza müddəti ərzində təqsirləndirilən şəxsə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməsi qadağan edilib. 
Bundan başqa, bu müddət ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etmək qadağan olunub. 
Bundan əlavə təqsirləndirilən şəxsin üzərin müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub. Hökmün icrası İmişli rayon İcra və Probasiya şöbəsinə tapşırılıb.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью