Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“İmmuniteti möhkəmləndirən əsas meyarlardan biri uşağın normal yuxu rejiminin olmasıdır”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Günay Salehova qurumun “İnstagram” səhifəsində keçirilən canlı yayımı zamanı deyib.
Onun sözlərinə görə, uşaqların sağlamlığında və immun sisteminin möhkəmlənməsində normal yuxu rejimi mühüm rol oynayır. Bununla yanaşı, uşaqların yaş qruplarına uyğun yuxu rejimi fərqlənir.
“Yuxu rejimi də əsasdır. Məktəb yaşlı uşaqların yuxu rejimi, təbii ki, balaca uşaqların yuxu rejimindən fərqlidir. Südəmər uşaqların da yuxu rejimi ayrıdır. İmmunitetin əsas qoruyucularından, onu möhkəmləndirən əsas meyarlardan biri uşağın normal yuxu rejiminin olmasıdır”, - deyə pediatr bildirib.
Günay Salehova qeyd edib ki, uşağın yuxu rejiminin formalaşmasında valideynlərin yaratdığı şərait də mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bəzi hallarda uşaqlar valideynlərin gündəlik rejiminə uyğunlaşır və onların yatdığı saatlarda yatmağa başlayırlar.
Pediatr xüsusilə məktəb yaşlı uşaqlarda zehni gərginliyin artmasının yuxu rejiminə təsir göstərə biləcəyini vurğulayıb. Dərs və hazırlıqların çoxluğu səbəbindən uşağın istirahətə kifayət qədər vaxt ayıra bilməməsi yorğunluğa gətirib çıxara bilər.
“Uşaqlarda zehni gərginlik çox olduqda onları mütləq şəkildə yuxuya vermək məsləhətdir. Günorta saatlarında bir saat da olsa yuxu ilə təmin etsinlər. Çünki zehni gərginliyi çox olan uşaqlarda fiziki gərginlik də ön plana keçəcək. Belə uşaqlarda yorğunluqla yanaşı iştahsızlıq və halsızlıq halları da müşahidə oluna bilər”, - Günay Salehova qeyd edib.
Zeynəb Rzayeva