İmran Xan səhhətinin kritik vəziyyətdə olduğunu açıqlayıb

16.11.2026

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Pakistanın sabiq baş naziri, 2023-cü ildən bəri həbsdə olan İmran Xan səhhətinin pisləşməsi səbəbindən həbsxanadan sağ çıxa bilməyəcəyini bildirərək, təcili tibbi yardım üçün müraciət edib.

Moderator.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə onun Pakistan Ali Məhkəməsinin sədrinə göndərdiyi məktubda bildirilib.

74 yaşlı siyasətçinin sözlərinə görə, həkimlər onu beyin qanaması və ürək dayanmasına qarşı yüksək həssaslığı barədə xəbərdar ediblər.

Xan həmçinin bildirib ki, onun həbsdə olan həyat yoldaşı Büşra Bibi görmə qabiliyyətini həmişəlik itirə bilər. Onun sözlərinə görə, məhz bu hal onu məktub yazmağa sövq edib.

"74 yaşımda mən o qədər ağır şəraitdəyəm ki, sağ qurtula bilməyəcəyim bir vəziyyətə düşmək riski ilə üz-üzəyəm", - o vurğulayıb.

Sabiq baş nazir qeyd edib ki, uzun müddət təkadamlıq kamerada saxlanılması onun psixi sağlamlığına mənfi təsir göstərib.

Pakistan hakimiyyəti ötən həftə Xanın gözlərinin müayinəsi üçün xəstəxanaya aparıldığını, bundan sonra isə yenidən kameraya qaytarıldığını bildirib.

2022-ci ildə etimadsızlıq səsverməsi nəticəsində baş nazir postunu itirdikdən sonra İmran Xan çoxsaylı korrupsiya ittihamları ilə üzləşib. Ona qarşı çıxarılan, biri istisna olmaqla, bütün ittiham hökmləri dayandırılıb və ya ləğv edilib, onlarla bağlı apellyasiya şikayətlərinə baxılır. Xan günahını inkar edir və ittihamların siyasi motivli olduğunu iddia edir. Hökumət bu iddiaları rədd edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью