İmtahan müddəti üç saat yarıma qaldırılmalıdır AÇIQLAMA

07.05.2026

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bildirib ki, bu ilki buraxılış imtahanında daha çox düşündürücü suallar salınıb.

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Elçin Murad bildirdi ki, ilin əvvəlindən etibarən demək olar ki, hər bir müəllimin, ekspertin, valideynin, hətta abituriyentin dilində eyni fikir səslənir: bu il suallar, xüsusilə Azərbaycan dili sualları çox düşündürücü formada tərtib olunub.

"Bu da ümumi vaxtın yetərli olmamasına səbəb olur. Belə deyim ki, abituriyent Azərbaycan dili suallarının üzərində işləməklə digər fənlərdən nəsə yazmaq imkanından məhrum olur. Mən özüm müəllim olaraq tələbələrimin, imtahan verən abituriyentlərin əksəriyyətində müşahidə edirəm ki, onlar imtahanda bir saat yarım, bir saat qırx dəqiqə, bəzi hallarda isə iki saat Azərbaycan dili suallarına vaxt sərf edir və bundan sonra ingilis dili və riyaziyyat üzrə testləri işləməyə vaxt tapmırlar. Bu da təbii ki, abituriyentin nəticəsinin aşağı düşməsinə səbəb olur. Digər tərəfdən, abituriyent əvvəlcədən tövsiyə olunan qaydalara əməl edib ingilis dili və riyaziyyata ayrıca bir saat vaxt ayırdıqdan sonra Azərbaycan dilinə yalnız bir saat sərf etdikdə, həmin müddətdə sualları çatdırıb yaza bilmir. Çünki builki imtahan suallarının düşündürücü səviyyəsinə görə üç saat kifayət etmir. Səbəb isə odur ki, bu üç saatın içərisinə kodlaşdırma, yəni cavabların köçürülməsi prosesi də daxildir. Bu proses nədən ibarətdir? Əvvəlki illərdə, məsələn 2019-cu ilə qədər abituriyentlər əsasən düzgün cavabları dairəyə almaqla kifayətlənirdilər və bu daha az vaxt aparırdı. İndi isə situasiya sualları var. Bildiyimiz kimi, situasiya sualları həll tələb edən tapşırıqlardır. Azərbaycan dili üzrə situasiya sualları, ingilis dilində esse yazılması və digər yazılı tapşırıqlar əl yazısı ilə yerinə yetirilir və bu da kifayət qədər vaxt aparır", - deyə o qvurğuladı.

Müsahibimiz imtahan vaxtından da danışdı:

"Yəni biz üç saat imtahan vaxtından danışırıq, amma faktiki olaraq bu tam üç saat olmur. Ən azı 15-20 dəqiqə, bəzi hallarda isə yarım saat cavabların köçürülməsinə sərf olunur. Çünki abituriyent tələsik yaza bilmir. Tələsik yazdıqda xəttin oxunmaması problemi yaranır. Xətt oxunmadıqda isə yoxlama zamanı bal itkisi baş verir. Situasiya suallarını yoxlayan marker müəllim yazını oxuya bilmədikdə, həmin cavaba birbaşa sıfır bal verir. Belə olan halda abituriyent məcbur qalır ki, yazını səliqəli şəkildə yazsın. Bu isə əlavə vaxt itkisinə səbəb olur. Mən düşünürəm ki, Dövlət İmtahan Mərkəzi belə bir sistem tətbiq edibsə və əl yazısına yer veribsə, ənənəvi üç saatlıq vaxt məsələsinə yenidən baxmalıdır. Heç olmasa imtahan müddəti üç saat yarıma qaldırılmalıdır ki, abituriyent 3 saat ərzində Azərbaycan dili, riyaziyyat və ingilis dili suallarını həll etsin, qalan yarım saatda isə kodlaşdırmaya vaxt ayıra bilsin. Əgər bu məsələlərə yenidən baxılsa, düşündürücü sualların salınmasında problem yoxdur. Amma üç saatlıq vaxt məhdudiyyəti olduğu kimi qalacaqsa, o zaman sualların səviyyəsini çox düşündürücü formadan bir qədər daha uyğun səviyyəyə endirmək lazımdır".

NURİYYƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью