İmtahan proqramları dəyişib?

08.09.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

"Yeni tədris ilinin başlanması ilə 9 və 11-ci siniflərdə təhsil alacaq şagirdləri, eləcə də onların valideynlərini belə bir sual maraqlandırır: 

2027-ci ildə keçiriləcək buraxılış və qəbul imtahanlarında hansı dəyişikliklər olacaq? İlk olaraq ən çox verilən suala cavab vermək istəyirəm: 2027-ci il üzrə imtahan proqramlarının məzmununda ciddi dəyişiklik nəzərdə tutulmur”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib. DİM sədrinin sözlərinə görə, hazırda ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış, eləcə də ali təhsil müəssisələrinə qəbul imtahanlarının proqramlarının hazırlanması yekunlaşır: 

“Proqramlar yaxın günlərdə Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək. Proqramlar hazırlanarkən DİM-də fəaliyyət göstərən müvafiq fənlər üzrə elmi-metodik seminarlarda orta və ali təhsil müəssisələrinin müəllim və mütəxəssislərinin iştirakı ilə geniş müzakirələr aparılıb.

Bu prosesdə, ilk növbədə, cari tədris ilində ümumtəhsil müəssisələrində istifadə olunan 5–11-ci sinif dərslikləri təhlil edilib. 9 və 11-ci siniflərdə təhsil alan şagirdlərin əvvəlki illərdə istifadə etdikləri dərsliklərlə hazırda müvafiq siniflərdə istifadə olunan dərsliklər müqayisə olunub. 

Fənn kurikulumlarının təlim nəticələri və məzmun standartlarının tələblərinə uyğun mövzular müəyyənləşdirilərək proqramlar formalaşdırılıb. Nəticə etibarilə, proqramların məzmununda ciddi dəyişiklik yoxdur, yalnız redaktə xarakterli düzəlişlər aparılıb”. 

Nigar
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью