Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İmtahan rəhbərləri və nəzarətçi müəllimlərdən əlavə, xüsusilə qabiliyyət imtahanlarında 2 mindən çox ekspert Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq edir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ümumilikdə müxtəlif sahələr üzrə imtahan məzmunu ilə bağlı işlərdə 5 minə yaxın ekspert iştirak edir. Yazı işlərinin yoxlanılmasına isə 2-3 min arası marker müəllim cəlb olunur.
Məleykə Abbaszadənin sözlərinə görə, bu rəqəmlər göstərir ki, imtahanların elmi-metodiki və təşkilati mərhələlərində geniş ictimaiyyət nümayəndələri DİM-lə birlikdə çalışır. Nəzarətçilərin bu prosesə cəlb olunması üçün sertifikasiya mexanizmi də tətbiq olunub:
“Sertifikatı olan nəzarətçilər imtahanlara daha intensiv cəlb edilir. Belə ki, bu il sertifikata malik təxminən 4 min nəzarətçi 7-dən 15 dəfəyədək imtahan prosesində iştirak edib. Sertifikatı olmayan nəzarətçilər isə orta hesabla 3 dəfə imtahana çağırılıb”.
Sədr vurğulayıb ki, məqsəd bu prosesin davamlı olmasıdır. Çünki bəzi imtahanlar elektron formatda keçirilir, bəzilərində isə texnologiyalar dəyişib. Bu baxımdan nəzarətçilərin təlimlərdə iştirak etməsi və sertifikasiya prosesinə qoşulması vacib hesab olunur. O əlavə edib ki, hər il sertifikat almaq istəyən nəzarətçilər üçün bu imkanlar elan olunur.
Zeynəb Rzayeva