İmtahandan keçə bilməyən müəllimlərin pensiya taleyinə aydınlıq gətirildi

03.02.2026

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Attestasiya və imtahan nəticəsində işdən çıxarılan müəllimlərin pensiya hüquqları ilə bağlı suallar tez-tez gündəmə gəlir. Məlumdur ki, pensiya yaşı çatmış müəllimlər işdən çıxarılsalar da, hüquqları qorunur və pensiya almaqda heç bir məhdudiyyətlə üzləşmirlər.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, attestasiyadan və ya sertifikasiya imtahanlarından keçə bilməyən müəllimlərin orta məktəblərdə texniki işlərlə təmin olunması vacibdir:
“Ümumiyyətlə, həmin müəllimlərin texniki işlərdə fəaliyyətini davam etdirməsi zəruridir. Çünki sertifikasiyadan keçə bilmədikdən sonra onlar işsiz qala bilər və bu müddət pensiya yaşına çatana qədər uzana bilər. Həmin dövrdə onların işləməsi pensiya kapitalının formalaşması baxımından vacibdir. Buna görə də müəllimlərin işlərlə təminatı təhsil sektorunda prioritet məsələlərdəndir və bu istiqamətdə fəaliyyətlərin genişləndirilməsi olduqca vacibdir. Onların işlə təminatı bir tərəfdən işsizliyin qarşısını alır, digər tərəfdən isə pensiya kapitalının formalaşmasına və pensiya yaşında təyinatın təmin olunmasına xidmət edir”.
Deputat əlavə edib ki, müəllimlərin işlədikləri rayonda və ya orta məktəbdə işlərlə təmin olunması üçün imkanların araşdırılması və tədbirlərin həyata keçirilməsi zəruridir.
Sertifikasiyadan kəsilmək fəaliyyətin tamamilə dayanması və gəlirsiz qalmaq deyil. Əgər bu mexanizm tətbiq olunarsa, müəllim pedaqoji fəaliyyətini bitirsə də, məktəbdə digər vəzifələrdə çalışaraq həm maaş almağa davam edəcək, həm də pensiya üçün tələb olunan kapitalını artıracaq. Bu, xüsusilə pensiya yaşına bir neçə il qalmış şəxslərin sosial təminatını sığortalayan mühüm bir "təhlükəsizlik toru" rolunu oynayır.
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью