in dili: statistika işığında

21.08.2026

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəzər Universitetində magistr təhsili alan Ülkər Hümmətovanın bu yazısı "525-ci qəzet"in materialları əsasında, geniş bir dilçilik araşdırmasının ictimaiyyətə açıq təqdimatı kimi hazırlanıb. Elmi rəhbər - AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri, Azərbaycan Mətbuat Şurasının Dil Komissiyasının üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim Heydərovun tövsiyəsi ilə yazını oxucularımıza təqdim edirik.

Gündəlik xəbəri, siyasi şərhi, mədəniyyət söhbətini illərdir səhifələrində yaşadan "525-ci qəzet" də, bütün canlı dillər kimi, öz sözlərinin, öz üslubunun izini saxlayır. Bu yazının ortaya çıxmasına səbəb sadə bir maraq oldu: qəzetin 2010-2025-ci illər arasındakı nəşrlərində hansı sözlər daha çox təkrarlanıb, hansı söz qatları üstünlük təşkil edib, hansı terminlər zamanla dilə daxil olub? Bu sualların cavabını tapmaq üçün qəzetin siyasət, mədəniyyət və ədəbiyyat bölmələrindən toplanmış, 30 000-dən artıq söz vahidini əhatə edən geniş bir dil materialı sətir-sətir təhlil edildi. Aşağıda bu araşdırmanın ən diqqətçəkən rəqəmləri təqdim olunur.

Doğma sözlər hələ də öndədir

Qəzetin dilində ən çox təkrarlanan sözlərə baxanda, ilk növbədə feillərin demək olar ki, hamısının milli-türk mənşəli olduğu görünür. "Ol" feili təkcə material daxilində 801 dəfə, "et" feili isə 304 dəfə işlənib - bu, digər bütün feillərdən qat-qat yüksək bir göstəricidir:

Qəzetdə ən çox işlənən feillərin tezliyi

İsimlər arasında da köhnə, doğma sözlər öz yerini itirməyib. Xüsusilə "yer" (93 dəfə) və "yol" (81 dəfə) sözləri qəzetin dilində ən fəal işlənən isimlərdəndir - biri məkanı, digəri isə həm hərfi, həm də məcazi mənada "yolu" ifadə edir (məsələn, "Rəqəmsal İpək Yolu" birləşməsində olduğu kimi).

Milli mənşəli isimlərin tezliyi

Sifətlərdə isə "yeni" sözü aydın liderdir - qəzet materialında 120 dəfə rast gəlinib. Bu, mətbuat dilinin daim aktuallıqla, təzə xəbərlə bağlı olduğunu göstərir.     

Milli mənşəli sifətlərin tezliyi

Əvəzliklər arasında isə rəqəmlər özü danışır: "bu" işarə əvəzliyi 640 dəfə - araşdırmadakı bütün digər sözlərdən qat-qat çox - işlənib. Bunun səbəbi sadədir: qəzet dilində demək olar ki, hər cümlə əvvəlki fikrə, hadisəyə istinad edir ("bu baxımdan", "bu məsələdə" və s.).

Milli mənşəli əvəzliklərin tezliyi

Zərflərdə "indi" (27), saylarda isə "çox" (110) sözü öndə gedir - hər ikisi qəzetin bugünkü zamana və miqyasa həssaslığını əks etdirir. Bundan başqa, dilin öz daxili imkanları ilə yaranan "öndər" (10), "soydaş" (10), "aparıcı" (9) kimi sözlər də qəzet dilində fəal yer alır.

Alınma sözlər: Şərqdən və Qərbdən gələn qatlar

Qəzet materialında 300 unikal söz kökü üzərində aparılan seçmə təhlil göstərib ki, bu köklərin təxminən 36%-i milli, 64%-i isə alınma mənşəlidir. Alınmaların da öz daxilində payı fərqlidir: 76%-i ərəb-fars, 24%-i isə rus-Avropa mənşəlidir. Ədəbiyyat bölməsində milli sözlərin payı 50-70%-ə qədər yüksəlir, siyasət bölməsində isə 30-40%-ə enir - deməli, mövzu dəyişdikcə qəzetin "söz palitrası" da dəyişir.

Ərəb-fars mənşəli sözlər arasında "dövlət" (199) və "mədəniyyət" (175) aydın liderlərdir:

Ərəb-fars mənşəli sözlərin tezliyi

Rus-Avropa qatında isə "prezident" (109) və "manat" (61) sözləri ən çox təkrarlanır - qəzetin gündəlik siyasi və maliyyə xəbərlərinin nəbzini tutur:

Rus-Avropa mənşəli sözlərin tezliyi

Terminlər aynasında qəzet dili: müharibədən pandemiyaya

Qəzetin dili həm də dövrün hadisələrinin salnaməsidir. Siyasi-diplomatik terminlər arasında "sülh" (34), "bəyanat" (18), "müqavilə" (14) və "sammit" (13) ön sıradadır:

Siyasi-diplomatik terminlərin tezliyi

44 günlük Vətən müharibəsi və ondan sonrakı dövr qəzetin lüğətinə yeni bir qat da əlavə edib - "atəşkəs", "ballistik raket", "minatəmizləmə" kimi hərbi terminlər bu dövrün mətnlərində sıx-sıx görünür:

Hərbi terminlərin tezliyi

İqtisadi terminlər arasında "büdcə" (44) aydın öndədir, onu "ixrac" (14) və "infrastruktur" (12) izləyir - bu da qəzetin dövlətin maliyyə planlaşdırmasına, xarici ticarətə diqqətini göstərir:

İqtisadi terminlərin tezliyi

İnformasiya-media sahəsində "forum" (32) sözü açıq liderdir, "media" (11) isə ikinci yerdədir. "Dezinformasiya", "infoqrafika", "videokonfrans" kimi terminlərin cəmi bir dəfə işlənməsi isə onların dilimizə hələ yeni-yeni daxil olduğunu göstərir.

İnformasiya-media terminlərinin tezliyi

2020-2021-ci illərin materiallarında isə tamam başqa bir söz qatı üzə çıxır - pandemiya leksikası. "Pandemiya" (15), "koronavirus" (10) və "karantin" (8) həmin dövrün mətnlərində müntəzəm görünür, sonrakı illərdə isə demək olar ki, iz qoymadan qəzetin dilindən çıxır:

Pandemiya dövrünə aid terminlərin tezliyi

Yekun əvəzinə

Rəqəmlər göstərir ki, "525-ci qəzet"in dili nə tam milli, nə də tam "alınma" bir dildir - hər iki qatın canlı və dinamik birləşməsidir. Feillərdə, əvəzliklərdə, əsas isimlərdə milli kök hələ də hökm sürür; siyasət, iqtisadiyyat və texnologiya mövzularında isə beynəlxalq terminlər söz açır. Bu balans, əslində, otuz ildən artıq fəaliyyət göstərən bir nəşrin gündəlik həyatla necə nəfəs aldığının ən dəqiq sübutudur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью