İnçon şəhərindəki Beqhak ibtidai məktəbində “Azərbaycan günü” keçirilib

20.06.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Pekin, 20 iyun, AZƏRTAC

Cənubi Koreyanın İnçon şəhərindəki Beqhak ibtidai məktəbində “Azərbaycan günü” maarifləndirici və mədəni tədbiri təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin, ölkəmizin Seuldakı səfirliyinin, İnha Universitetinin multikulturalizm fakültəsinin, İnçon təhsil şöbəsinin dəstəyi ilə baş tutan tədbirdə məktəbin 1-3-cü sinif şagirdləri iştirak ediblər.

İnha Universitetinin professoru O Yonq Sob və ali təhsil ocağının müəllimi Leyla Məsimlinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirdə uşaqlara Azərbaycan haqqında, o cümlədən mədəniyyətimiz, milli geyimlərimiz, yeməklərimiz haqqında məlumatlar verilib, Azərbaycan nağılları səsləndirilib, milli suvenirlər nümayiş olunub.

Bakı Mühəndislik Universiteti və İnha Universiteti arasında ikili diplom proqramı çərçivəsində İnha Universitetində təhsil alan tələbələrin milli musiqi alətlərində mahnılar ifa edib, milli musiqilərimizin sədaları altında rəqs edərək tədbirə xüsusi rəng qatıblar. Azərbaycan haqqında təqdim olunan məlumatlara əsasən şagirdlər arasında əyləncəli viktorinalar təşkil olunub, qaliblərə hədiyyələr təqdim edilib.

Sonda bütün şagirdlərə Diasporla İş üzrə Dövlət Komitəsinin sponsorluğu ilə hazırlanmış, üzərində Azərbaycanla bağlı loqolar və simvollar olan xatirə hədiyyələri təqdim olunub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью