Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
“İran və ABŞ əvvəlki danışıqlar zamanı saziş imzalamağa yaxın olublar. Hazırda da münaqişənin həlli əlçatandır”.
525.az xəbər verir ki, bunu Omanın xarici işlər naziri Bədr əl-Busaidi bildirib.
“Oman hesab edirdi ki, İran və ABŞ arasında danışıqlar uğurla irəliləyirdi və sazişə nail olmaq artıq real görünürdü. Biz hələ də bu fikirdəyik”, - deyə o, Böyük Britaniyanın Kembric Universitetində tələbələr qarşısında çıxışı zamanı söyləyib.
Sultanlığın xarici siyasət idarəsinin rəhbəri əlavə edib ki, belə bir sazişin əsas komponentləri hələ də mövcuddur. Bununla yanaşı, nazir qeyd edib ki, hazırda danışıqların bərpasına aparan yol hər iki tərəf üçün çətindir.
ABŞ və İsrail fevralın 28-də İrana qarşı müharibəyə başlayıblar. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar. Lakin iyulun 8-nə keçən gecə ABŞ əldə olunmuş razılaşmaların Hörmüz boğazı ilə bağlı şərtlərinin pozulduğunu əsas gətirərək İrana qarşı genişmiqyaslı zərbələri bərpa edib.
Dünya üzrə neft ticarətinin təxminən 25 faizi və mayeləşdirilmiş təbii qaz ticarətinin təxminən 20 faizi bu boğaz vasitəsilə həyata keçirilir.
Daha sonra ABŞ administrasiyası faktiki olaraq İrana qarşı genişmiqyaslı hərbi güc tətbiqinin dayandırıldığına və sanksiyalar vasitəsilə ölkəyə iqtisadi təzyiq göstərilməsi strategiyasına keçildiyinə dair siqnallar verib.
Pərvanə Sultanova