Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçers qiyməti 5 300 ABŞ dollarını keçərək tarixi maksimumunu yeniləyib.
Belə ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 11:1-da 3,61% artaraq 5 305,56 dollarına bərabər olub.
Qızılın ənənəvi olaraq “təhlükəsiz liman” hesab edildiyini nəzərə alsaq, qiymətlərdəki bu dəyişklik bazarlarda suallar doğurur. Xüsusilə Azərbaycan vətəndaşları üçün qızılın qiymətinin dəyişməsini investisiya baxımından fürsət olub-olmadığı müzakirə mövzusuna çevrilib.
"Cebheinfo.az"-a danışan “Azərbaycan Zərgərlər Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədr müavini Rövşən Əmircanov bildirib ki, COMEX birjasında qızıl və gümüş fyuçerslərinin qiymətlərində müşahidə olunan dünənki azalma bazarda qısamüddətli korreksiya mərhələsinin baş verdiyini göstərir:
"Bununla yanaşı, uzunmüddətli dövrdə qiymətlərin artım meyli qorunur və bazar iştirakçıları əsas tendensiyanın yüksəliş istiqamətində davam edəcəyini istisna etmirlər. Qızılın qiymətinin nisbətən enməsi və gümüşün daha kəskin ucuzlaşması investorların diqqətini yenidən bu aktivlərə yönəltmişdi.
Belə enişlər xüsusilə uzunmüddətli baxış bucağı olan investorlar üçün alış imkanları yarada bilər. Çünki qızıl daha çox qısamüddətli qazanc əldə etmək vasitəsi kimi deyil, mövcud vəsaitin dəyərini qorumaq və portfeli balanslaşdırmaq üçün istifadə olunur".
O qeyd edib ki, fiziki qızıl almaq bu baxımdan məntiqli sayıla bilər:
"Lakin burada məqsəd qısamüddətli qiymət dəyişikliklərindən faydalanmaq olmamalıdır. Bazarın ən aşağı nöqtəsini dəqiq müəyyən etmək çətindir və qiymətlər müəyyən müddət ərzində dalğalana bilər. Eyni zamanda, fiziki qızılın saxlanması, təhlükəsizliyi, likvidliyə çevrilməsi ilə bağlı əlavə xərclər və praktiki çətinliklər mövcuddur.
Buna görə də bu addım daha çox uzunmüddətli yığım məqsədi və maliyyə dayanıqlığını qorumaq niyyəti ilə atılmalıdır".
Rövşən Əmircanov əlavə edib ki, qızıl adətən iqtisadi və siyasi qeyri-müəyyənliklər fonunda daha çox tələb görür:
"Qiymətlərin qısamüddətli azalması bəzi hallarda investorların vəsaitlərini daha yüksək gəlir vəd edən aktivlərə yönəltməsi ilə bağlı ola bilər. Bu, bazarda riskə meylin müvəqqəti artdığını göstərə bilər. Lakin belə enişlər hər zaman qlobal risklərin azaldığını ifadə etmir və çox vaxt texniki xarakter daşıyır.
Hazırkı vəziyyətdə qızılın qiyməti hələ də tarixi yüksək səviyyələrə yaxın qalır və bu, onun bazardakı rolunun dəyişmədiyini göstərir. Tendensiyanın nə qədər davam edəcəyi isə əsasən dünya iqtisadiyyatının ümumi vəziyyətindən, geosiyasi proseslərdən və faiz siyasətindən asılıdır.
Əgər qlobal qeyri-müəyyənlik davam edərsə, qiymətli metalların qiymətində artım ola bilər. Bəzən müşahidə olunan eniş qızılın bazardakı rolunun zəifləməsi kimi deyil, daha çox bazarın təbii dalğalanması və qısamüddətli korreksiya kimi qiymətləndirilməlidir".
Əfsanə Rəcəb
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin