Icma.az bildirir, Azpost saytına əsaslanaraq.
125 min il əvvəl indiki Səudiyyə Ərəbistanının ərazisində, bu gün quraq qumlu səhraların uzandığı yerlərdə nəhəng şirin su gölü mövcud olub. Gölün sahilləri bitki örtüyü ilə zəngin olub və begemot, dəvə və ceyran ovlayan qədim insanların yaşayış məkanına çevrilib. Arxeoloji tapıntılar Ərəbistan yarımadasının qədim sakinlərinin həyatını olduqca ətraflı şəkildə təsəvvür etməyə imkan verib.
Azpost.info bildirir ki, Science jurnalında dərc olunan tədqiqat Səudiyyə Ərəbistanının cənubunda, Mundafən bölgəsində yerləşən Uruq əl-Culayba qədim yaşayış məskəninə həsr olunub. Alimlər müəyyən ediblər ki, qədim gölün sahəsi təxminən 340 kvadratkilometr olub, maksimal dərinliyi isə 29 metrə çatıb. Göl bölgənin iqliminin indiki dövrlə müqayisədə xeyli rütubətli olduğu “Yaşıl Ərəbistan” adlanan dövrdə mövcud olub.
Yaşayış məskənində heyvan və bitkilərin 500-dən çox fosil qalığı, eləcə də 5,5 mindən artıq daş alət aşkar edilib. Heyvan qalıqları arasında begemotlar, nəsli kəsilmiş uzunbuynuzlu camışlar, dəvələr, ərəb oriksləri, ceyranlar və dəvəquşular var.
Alətlərin əksəriyyəti çaxmaqdaşından hazırlanıb. Onların istehsalında Levallua daş emalı texnikasından istifadə olunub.
Xüsusi maraq doğuran tapıntılardan biri alətlərin səthində aşkar edilmiş bitki mənşəli maddələrin izləridir. Bu izlər göstərir ki, qədim insanlar bitkilərdən yalnız qida kimi deyil, həm də ov ləvazimatlarının hazırlanmasında və gündəlik işlərdə istifadə ediblər.
Qətran və ağac toxumasının qalıqları daş ucluqların dəstəklərə bərkidildiyini ehtimal etməyə əsas verir. Bundan başqa, tədqiqatçılar tərkibində zəhərli maddələr olan bitkilərin izlərini də aşkar ediblər. Bu isə ov zamanı bitki mənşəli zəhərlərdən istifadə edildiyini göstərə bilər.
Tapıntılar həmçinin kök yumrularının, kolların və palma yarpaqlarının emal edildiyini göstərir. Aşkar olunan bəzi bitki qalıqları bu bölgədə palma bitkilərinin mövcudluğuna dair ən qədim sübutlar sırasına daxildir.
Qədim yaşayış məskəninin əsas əhəmiyyəti ondadır ki, heyvan sümükləri, daş alətlər və bitki qalıqları eyni arxeoloji təbəqədə qorunub saxlanılıb və onların yaşı müəyyən edilib. Bu, alimlərə yalnız qədim ətraf mühiti bərpa etməyə deyil, həm də insanların qidanı necə əldə etdiklərini, alətləri necə hazırladıqlarını və təbii sərvətlərdən necə istifadə etdiklərini anlamağa imkan verir.
Tədqiqatın rəhbərlərindən biri, Avstraliyanın Qriffit Universitetinin arxeoloqu Kris Klarksonun sözlərinə görə, bu tapıntı müasir Ərəbistan yarımadasından tamamilə fərqli təbii şəraitdə insanların necə yaşadığını öyrənmək üçün nadir imkan yaradır.
N.Talıblı
Post navigationPrevious: İran ABŞ-a kimyəvi silahla hücum hazırlayır? – Əraqçidən sərt cavab