İndoneziya ilk təyyarədaşıyan gəmisini qəbul edib

18.09.2026

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İndoneziya bu gün, ilk təyyarədaşıyan gəmisini rəsmi şəkildə qəbul edib.

Bu barədə Associated Press-in məlumat yayıb.

Bildirilir ki, İtaliya Hərbi Dəniz Qüvvələrinin keçmiş “Giuseppe Garibaldi” gəmisi paytaxt Cakartadakı Tancunq Priok limanına daxil olub və hərbi mərasimlə qarşılanıb.

41 yaşlı gəmi İtaliya tərəfindən əvvəllər hərbi məqsədlərlə istifadə olunub. Məlumata görə, gəmi qısa məsafədən havaya qalxan və şaquli eniş edə bilən təyyarələr, eləcə də helikopterlərlə işləmək imkanına malikdir. İndoneziya hökuməti yeni gəminin ölkənin dəniz təhlükəsizliyinin gücləndirilməsi və təbii fəlakətlər zamanı xilasetmə və humanitar əməliyyatların həyata keçirilməsi imkanlarını artıracağını bildirir.

“Giuseppe Garibaldi”nin İndoneziya Hərbi Dəniz Qüvvələrinin arsenalına daxil olması ölkənin dəniz imkanlarının genişləndirilməsi istiqamətində mühüm addım kimi təqdim edilir. İndoneziya minlərlə adadan ibarət geniş coğrafiyaya malik dövlət olduğundan dəniz nəqliyyatının, sahil ərazilərinin və strateji su yollarının təhlükəsizliyi ölkənin müdafiə siyasətində xüsusi əhəmiyyət daşıyır.

AP qeyd edir ki, gəminin alınması ilə bağlı məsələlər ölkə daxilində də müzakirələrə səbəb olub. Söhbət yalnız hərbi imkanların artırılmasından deyil, belə böyük və yaşlı hərbi platformanın saxlanılması və istismarının dövlət büdcəsinə yaradacağı yükdən də gedir. İndoneziya hakimiyyəti isə gəminin yalnız hərbi məqsədlər üçün deyil, fövqəladə hallar və təbii fəlakətlər zamanı istifadə imkanlarına diqqət çəkir.

İndoneziyanın yeni təyyarədaşıyan gəmi əldə etməsi Asiya-Sakit okean regionunda dəniz təhlükəsizliyi məsələlərinin aktuallığının artdığı bir dövrə təsadüf edir. Regionda dövlətlərin hərbi-dəniz imkanlarını genişləndirməsi, strateji su yollarının təhlükəsizliyi və humanitar yardım imkanlarının artırılması beynəlxalq diqqət çəkən məsələlər sırasında qalır.

İndoneziya tərəfinin təqdim etdiyi yanaşmaya əsasən, “Giuseppe Garibaldi” həm ölkənin müdafiə imkanlarının möhkəmləndirilməsinə, həm də təbii fəlakətlər zamanı çevik reaksiya imkanlarının genişləndirilməsinə xidmət edə bilər.

N.Adilqızı
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью