Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İndoneziya Respublikasının Bakıdakı Səfirliyi “İndoneziya ilə Biznes Quraq” (“Let’s Do Business with Indonesia”) mövzusunda biznes forum təşkil edib.
525.az xəbər verir ki, forumda Azərbaycanın işgüzar dairələrinin onlarla nümayəndəsi və digər maraqlı tərəflər iştirak edərək, ticarət sahəsində potensial əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Tədbirin əsas məqsədi İndoneziyanın iqtisadi potensialını nümayiş etdirmək, eləcə də Cənubi Qafqaz regionunda İndoneziyanın aparıcı məhsul və xidmətlərinin bazara çıxış imkanlarını genişləndirmək olub.
Açılış nitqi ilə çıxış edən İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Berlian Helmi iki ölkə arasında uzunmüddətli dostluq münasibətlərinə əsaslanan iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
“İndoneziya və Azərbaycan əhəmiyyətli iqtisadi potensiala malikdir. Lakin bu potensial hələ ki, ikitərəfli ticarət və investisiyaların mövcud səviyyəsində tam əksini tapmayıb. Bu İndoneziya biznes forumu vasitəsilə biz ənənəvi olaraq əməkdaşlığımızın əsas istiqamətlərindən biri olan enerji sektoru ilə yanaşı, kənd təsərrüfatı, qida və içki sənayesi, turizm, istehsalat və yaradıcı iqtisadiyyat da daxil olmaqla, qeyri-neft-qaz sektorlarında da konkret tərəfdaşlıqların qurulmasına nail olmağı ümid edirik”, - səfir qeyd edib.
Tədbir çərçivəsində səfir Berlian Helmi İndoneziyanın iqtisadi potensialı və qabaqcıl məhsulları haqqında təqdimatla çıxış edib, həmçinin hər il keçirilən “Trade Expo Indonesia” (TEI) beynəlxalq ticarət sərgisini təşviq edib.
Daha sonra,Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin Qlobal şəbəkə və xarici tərəfdaşlarla əməkdaşlıq şöbəsinin Beynəlxalq tərəfdaşlıq və qlobal biznes əlaqələri sektorunun müdiri Urfan Nəbiyev iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsinə dəstəyini ifadə edib. O, həmçinin İndoneziya sahibkarlarını ölkənin qabaqcıl məhsullarını Azərbaycan bazarında tanıtmağa və birgə müəssisələrin yaradılması da daxil olmaqla, potensial biznes əməkdaşlığı imkanlarını araşdırmağa dəvət edib.
Bununla yanaşı, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) beynəlxalq əlaqələr və dayanıqlı inkişaf departamentinin rəhbəri Aytac Talıblı iki ölkə arasında ticarət əməkdaşlığının gücləndirilməsi istiqamətində birgə fəaliyyətə hazır olduqlarını bildirib. Bu çərçivədə ASK-ya üzv şirkətlərin 2027-ci ildə keçiriləcək İndoneziya Ticarət Sərgisində (Trade Expo Indonesia – TEI 2027) iştirakının təşviq edilməsi nəzərdə tutulur.
Tədbirdə bildirilib ki, biznes forum İndoneziyanın iqtisadi potensialının, xüsusilə də ticarət sektorundakı imkanlarının tanıdılması baxımından faydalıdır. Forumun iki ölkənin biznes dairələri arasında əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq imkanlarının yaradılması üçün əhəmiyyəti qeyd edilib.
Tədbir çərçivəsində iştirakçılara İndoneziya qəhvəsi təqdim edilib. Bununla yanaşı, səfirlik İndoneziyanın zəngin məhsul çeşidini əks etdirən stend təşkil edərək ölkənin seçilən ixrac məhsullarını, o cümlədən vanil, qəhvə, kakao və sabun nümunələrini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Biznes forumu vasitəsilə İndoneziya məhsullarının Azərbaycan bazarında daha geniş tanıdılması və nəticə etibarilə İndoneziyanın Azərbaycana ixrac potensialının artırılmasına töhfə verilməsi gözlənilir.
Pərvanə Sultanova