İndoneziyada fabrik yanğınında daha çox cəsəd aşkarlanıb YENİLƏNİB 3

22.11.2026

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

ən yanğından sonra aparılan axtarışlar zamanı insan qalıqlarının olduğu 24 kisə ərazidən çıxarılıb.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Bildirilib ki, yanğın nəticəsində ölənlərin dəqiq sayı hələ müəyyənləşdirilməyib. Polis bir kisədə bir neçə nəfərə aid insan qalıqlarının ola biləcəyini açıqlayıb.

Fabrik rəhbərliyinin son məlumatına görə, 29 işçi itkin düşmüş hesab olunur, daha 8 nəfərin harada olduğu isə dəqiqləşdirilməyib. Dörd nəfər tibbi yardım alır.

Yanğının güclü olması səbəbindən tapılan qalıqların vizual yolla tanınması mümkün deyil. Şəxsiyyətlərin müəyyənləşdirilməsi üçün itkin düşənlərin yaxınlarından DNT nümunələri götürülür. Prosesin iki-üç həftə davam edə biləcəyi bildirilir.

Axtarış-xilasetmə əməliyyatları gecə saatlarında dayandırılıb və noyabrın 23-də səhər saatlarında bərpa olunacaq.

Qeyd edək ki, ilkin məlumatlarda yanğın nəticəsində 3 nəfərin öldüyü, 36 nəfərin itkin düşdüyü bildirilmişdi.

***
15:26

İndoneziyanın Banten əyalətində fabrikdə baş verən yanğından sonra aparılan axtarış-xilasetmə əməliyyatı zamanı 7 cəsədin qalıqları aşkar edilib.

APA “Reuters”ə istinadən xəbər verir ki, hadisə yerindən insan qalıqlarının olduğu 7 meyit torbası çıxarılıb.

Polisin məlumatına görə, torbalardan birində bir neçə nəfərə aid qalıqların olması ehtimal edilir. Bu səbəbdən ölənlərin dəqiq sayı hələ müəyyənləşdirilməyib.

Bildirilib ki, yanğın nəticəsində 50 nəfərdən xəbər yoxdur.

Meyitlərin tanınması üçün yaxınlarından DNT nümunələri götürülür. Şəxsiyyətlərin müəyyənləşdirilməsi prosesinin iki-üç həftə davam edə biləcəyi qeyd olunur.

Yanğının səbəbləri araşdırılır, axtarış-xilasetmə işləri davam etdirilir.

***

12:57

İndoneziyanın Banten əyalətinin Çikande bölgəsində yerləşən fabrikdə baş verən yanğından sonra itkin düşənlərin sayı 50-yə çatıb.

APA “Reuters”ə istinadən xəbər verir ki, axtarış-xilasetmə əməliyyatları zamanı hadisə yerindən yeddi meyit torbası çıxarılıb.

Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

***

11:32

İndoneziyanın Banten əyalətində şirniyyat fabrikində baş verən yanğın nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb, 36 nəfərdən isə xəbər yoxdur.

APA “Reuters”ə istinadən xəbər verir ki, hadisə Seranq bölgəsinin Çikande sənaye ərazisində yerləşən “PT Fonusa Agung Mulia” fabrikində qeydə alınıb.

İndoneziyanın Milli Axtarış və Xilasetmə Agentliyinin (BASARNAS) məlumatına görə, yanğın zamanı 15 nəfər xilas edilib. Onlardan 4-ü xəstəxanaya yerləşdirilib.

Hazırda xəbər alınmayan 36 nəfərin axtarışları davam etdirilir.

Yanğının başvermə səbəbi hələlik müəyyən edilməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью