İndoneziyada vulkanik kül səbəbindən 1558 uçuş ləğv edildi

07.09.2026

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İndoneziyada “Anak Krakatau” vulkanında baş verən güclü püskürmə hava nəqliyyatında ciddi problemlərə səbəb olub.

Redaktor.az xəbər verir ki, vulkanik kül buludlarının atmosferin yuxarı qatlarına qədər yüksəlməsi uçuşların təhlükəsizliyi ilə bağlı narahatlıq yaradıb.

İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyinin (BMKG) məlumatına görə, vulkanik külün hündürlüyü Yava bölgəsində 6 min metrə, Sumatra ərazisində isə 15 min metrə çatıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində ölkə daxilində və beynəlxalq istiqamətlərdə ümumilikdə 1558 uçuş ləğv edilib.

Uçuşların dayandırılması 8 hava limanında 170 mindən çox sərnişinin yolda qalmasına səbəb olub.

İndoneziyanın nəqliyyat naziri Dudy Purwagandhi bildirib ki, vulkanik külün Qərbi Yava istiqamətində yayılması müşahidə edildikdən sonra bəzi hava limanlarının fəaliyyəti müvəqqəti dayandırılıb.

Hazırda aidiyyəti qurumlar vəziyyəti nəzarətdə saxlayır və vulkanik külün yayılma istiqamətini mütəmadi olaraq monitorinq edir.

Uçuşların bərpası ilə bağlı qərarın vulkanik aktivliyin səviyyəsindən və hava məkanında təhlükənin aradan qalxmasından asılı olaraq veriləcəyi bildirilib.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью