İnfantinonun Trampın kürəkəni ilə gizli danışıqları üzə çıxdı

18.11.2026

Icma.az, Idman.biz saytına istinadən bildirir.

FIFA prezidenti Canni İnfantinonun dünya çempionatının kommersiya hüquqlarına özəl sərmayə cəlb edilməsi üçün Kuşner ailəsi ilə apardığı danışıqların yeni detalları açıqlanıb.

İdman.Biz “The Telegraph”a istinadən xəbər verir ki, nəşrin əldə etdiyi görüş qeydlərinə əsasən, ilk təmaslar 2025-ci ilin sentyabrında Sürixdə başlayıb.

Həmin il noyabrın 4-də ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin ofisində görüş keçirilib. Sonrakı aylarda İnfantinonun onun qardaşı Coşua Kuşner, ailə üzvləri və ya onlarla əlaqəli şəxslərlə azı 10 əlavə görüşü olub.

Nəşrin məlumatına görə, FIFA-nın yüksək vəzifəli rəsmilərinə layihəni nəzərdən keçirmək üçün məlum olan ilk təqdimat yalnız 2026-cı il iyulun 18-də, mundialın finalından bir gün əvvəl keçirilib. Həmin vaxt FIFA Şurasının bir çox üzvü plandan xəbərsiz olub.

“FIFA Forward Enterprise” layihəsi dünya çempionatı və digər turnirlərin kommersiya fəaliyyətini idarə edəcək strukturun 20 faizlik payının investorlara verilməsini nəzərdə tuturdu. Əsas investor Coşua Kuşnerin “Thrive Capital” şirkəti, məsləhətçi isə “JPMorgan” bankı olmalı idi.

Layihə iştirakçıları Cared Kuşnerin sövdələşmədə rolunu inkar ediblər. Nəşr də onun ofisində keçirilən bəzi görüşlərdə şəxsən iştirak edib-etmədiyinin məlum olmadığını vurğulayıb.

UEFA hazırda ABŞ məhkəmələri vasitəsilə danışıqlara dair sənədləri əldə etməyə çalışır.

FIFA-nın oktyabrın 15-də yaydığı rəsmi açıqlamada isə İnfantinonun layihənin hazırlanması və təqdimatında yol verilən səhvlərə görə üzr istədiyi bildirilib. Qurum təşəbbüsün tamamilə geri götürüldüyünü və heç bir formada yenidən gündəmə gətirilməyəcəyini açıqlayıb.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью