İnfarktın yaşı cavanlaşır Həkim əsas əlamətləri açıqladı

11.11.2026

Icma.az bildirir, Azpost portalına istinadən.

İnfarkt artıq yalnız yaşlı insanların xəstəliyi hesab edilmir. Kardioloqlar son vaxtlar ürək problemləri ilə üzləşən 40, hətta 30 yaşlı pasiyentlərə daha tez-tez rast gəlirlər.

Bu barədə Dövlət Maarifçilik Universitetinin tibb fakültəsinin cərrahiyyə kafedrasının baş müəllimi Aleksandr Umnov “Lenta.ru”ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, Rusiyada gənclər arasında infarkt hallarının artması əsasən hərəkətsiz həyat tərzi, ofis şəraitində uzun müddət oturaq işləmək, şəkər, duz və emal olunmuş ət məhsullarından həddindən artıq istifadə, siqaret və alkoqol qəbulu ilə bağlıdır.

Həkim digər risk amilləri kimi xroniki stressi, yuxusuzluğu, nəzarətsiz yüksək qan təzyiqini, şəkərli diabeti və piylənməni də göstərib.

İnfarktın əsas əlamətləri hansılardır?

Mütəxəssis infarktın təhlükəli əlamətlərinə döş sümüyünün arxasında sıxıcı və ya yandırıcı ağrını aid edib. Bu ağrı sol qola, çənəyə, kürəyə və ya kürəkaltı nahiyəyə yayıla bilər. Bundan başqa, adi fiziki fəaliyyət zamanı təngnəfəslik, soyuq tər, qəfil halsızlıq, ürəkbulanma və səbəbsiz qorxu hissi də infarktın xəbərçisi ola bilər.

Umnov qeyd edib ki, gənclərdə, xüsusilə qadınlarda infarkt bəzən qeyri-adi əlamətlərlə müşahidə olunur. Belə hallarda vəziyyət sadəcə yorğunluq və ya kəskin qastrit kimi görünə bilər.

Buna görə də infarktdan şübhələnildikdə vəziyyətin öz-özünə yaxşılaşmasını gözləmək olmaz. Dərhal təcili tibbi yardım çağırmaq lazımdır.

İnfarkt riskini necə azaltmaq olar?

Həkim vurğulayıb ki, siqaretdən tamamilə imtina etmək artıq bir ildən sonra sağlamlığa müsbət təsir göstərir və infarkt riskini əhəmiyyətli dərəcədə azaldır. Profilaktika məqsədilə gündəlik duz qəbulunu 5 qramla məhdudlaşdırmaq, qida rasionuna tərəvəz, balıq və tam taxıl məhsulları əlavə etmək, şəkərli içkilərdən uzaq durmaq tövsiyə olunur.

Bundan başqa, hər gün ən azı 30 dəqiqə sürətli templə gəzmək, 7 saatdan az yatmamaq, arterial təzyiqi, xolesterini və qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq vacibdir.

Mütəxəssis 35 yaşdan sonra mütəmadi olaraq kardioloji müayinədən keçməyi də məsləhət görüb.

AzPost.az

Post navigation

Previous: Ermənistan prezidenti “Tramp marşrutu” ilə bağlı qanunu imzaladı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью