İnfeksionist: Qrip virusu tez tez dəyişdiyi üçün hər il mövsümə uyğun yenilənmiş peyvəndlər hazırlanır

30.01.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 30 yanvar, AZƏRTAC

Qripdən qorunmaq yalnız fərdi məsuliyyət deyil, eyni zamanda, ictimai sağlamlığın qorunması deməkdir. Qrip hava-damcı yolu ilə çox sürətlə yayıldığı üçün insanlar gündəlik həyatlarında bir sıra sadə, lakin effektiv qaydalara diqqət etməlidirlər. Ən vacib qoruyucu tədbirlərdən biri isə vaxtında peyvənd olunmaqdır. Qrip virusu tez-tez dəyişdiyi üçün hər il mövsümə uyğun yenilənmiş peyvəndlər hazırlanır. Xüsusilə uşaqlar, yaşlılar, hamilə qadınlar, xroniki xəstəliyi və immun sistemi zəif olan şəxslər üçün peyvənd qripin ağır keçməsinin və fəsadların qarşısının alınmasında əsas rol oynayır. Gündəlik gigiyena qaydalarına riayət etmək də qripdən qorunmada mühüm əhəmiyyət daşıyır. Əllərin sabunla tez-tez yuyulması, xüsusilə ictimai yerlərdən sonra, virusun orqanizmə daxil olmasının qarşısını alır. Əllər yuyulmadıqda gözlərə, buruna və ağıza toxunmaqdan çəkinmək lazımdır. Bu, virusun bədənə keçməsinin ən geniş yayılmış yollarından biridir.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun infeksionisti Arzu Pənahova deyib.

O qeyd edib ki, qripin yayılmasının qarşısını almaq üçün maskadan düzgün istifadə, xüsusilə əlamətləri olan şəxslər üçün vacibdir. Öskürək və asqırma zamanı ağız və burnun örtülməsi respirator gigiyenanın əsas qaydalarındandır. İstifadə olunmuş salfetlər dərhal atılmalı və əllər təmizlənməlidir. İnsanların kütləvi toplaşdığı, qapalı və havalandırılması zəif olan məkanlardan mümkün qədər uzaq durmaq tövsiyə olunur. Xüsusilə, payız–qış mövsümündə ictimai nəqliyyatda, ticarət mərkəzlərində və tədbirlərdə uzun müddət qalmaq yoluxma riskini artırır. Mümkün olduqda sosial məsafənin qorunması önəmlidir. Qrip əlamətləri olan şəxslərin evdə qalması və özlərini təcrid etməsi həm onların tez sağalması, həm də virusun başqalarına ötürülməsinin qarşısının alınması baxımından vacibdir: “Hərarət, boğazağrısı, öskürək və halsızlıq kimi əlamətlər olduqda ictimai yerlərə getmək məsləhət görülmür. Orqanizmin ümumi müqavimətini gücləndirmək də qorunmada mühüm rol oynayır. Düzgün və balanslı qidalanma, kifayət qədər maye qəbulu, vitamin və minerallarla zəngin qidalar, normal yuxu rejimi və fiziki aktivlik immun sisteminin güclənməsinə kömək edir. Xroniki stres və yuxusuzluq isə immun müdafiəni zəiflədir və yoluxma riskini artırır. Nəticə olaraq, qripdən qorunmanın əsas prinsipi peyvənd, gigiyena, məsuliyyətli davranış və sağlam həyat tərzinin birgə tətbiqidir. Bu tədbirlərə əməl etməklə həm öz sağlamlığımızı, həm də ətrafımızdakı insanların sağlamlığını qorumaq mümkündür”.

İnfeksionist ən yüksək yoluxma göstəricilərinin, adətən, uşaqlar arasında, xüsusilə məktəbəqədər yaş dövründə (0–5 yaş) və məktəb yaşlı uşaqlarda (6–17 yaş) olduğunu bildirib: “Bunun əsas səbəbi isə uşaqların kollektiv mühitdə, o cümlədən uşaq bağçalarında və məktəblərdə sıx təmasda olmaları, gigiyenik qaydalara riayət edə bilməmələri və immun sistemlərinin hələ tam formalaşmamasıdır. Uşaqlar qrip virusuna daha asanlıqla yoluxur və eyni zamanda, virusun cəmiyyətdə yayılmasında əsas “ötürücü zəncir” rolunu oynayırlar. Yaşlı insanlar, xüsusilə 65 yaşdan yuxarı şəxslər, qripə yoluxma baxımından deyil, daha çox ağır gediş və fəsadlar riski baxımından ön plandadır. Bu yaş qrupunda qripin daha ağır keçməsinin səbəbi immun sisteminin zəifləməsi, xroniki ürək-damar, ağciyər, şəkərli diabet və digər yanaşı xəstəliklərin mövcudluğu ilə əlaqədardır. Yaşlılarda qrip pnevmoniya, xroniki xəstəliklərin kəskinləşməsi, ürək və tənəffüs çatışmazlığı kimi ciddi ağırlaşmalarla müşayiət oluna bilər. Eyni zamanda, hamilə qadınlar ayrıca risk qrupuna daxildir. Hamiləlik dövründə immun sistemində baş verən fizioloji dəyişikliklər qadınların infeksiyalara qarşı həssaslığını artırır. Bu səbəbdən hamilə qadınlarda qrip həm ana, həm də körpə üçün təhlükəli ola bilər və daha ciddi nəzarət tələb edir. Gənclər və orta yaşlı insanlar isə, adətən, qripi daha yüngül keçirirlər”.

Arzu Pənahova həkim məsləhəti olmadan dərman, xüsusilə də antibiotik qəbul etməyin sağlamlıq üçün ciddi və bəzən geridönməz fəsadlara yol açdığını deyib. O vurğulayıb ki, əsas problem dərmanların ümumi təsiri deyil, konkret diaqnoz, doza və müddəti ilə bağlıdır: “Ən böyük risklərdən biri antibiotiklərə qarşı davamlılığın (rezistentliyin) yaranmasıdır. Antibiotik həkim göstərişi olmadan və ya düzgün dozada qəbul edilmədikdə bakteriyaları tam məhv etmir, əksinə, onlara uyğunlaşır. Nəticədə gələcəkdə eyni infeksiya zamanı həmin antibiotik artıq təsir etmir. Bu, təkcə bir insan üçün deyil, cəmiyyət üçün də təhlükəlidir, çünki davamlı bakteriyalar yayılır və müalicəsi daha çətin infeksiyalar meydana çıxır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью