İnflyasiyanı və onun təsirlərini necə cilovlamalı?

28.07.2026

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İnflyasiya və qiymət dəyişiklikləri həm istehlakçıların gündəlik xərclərinə, həm də ölkə iqtisadiyyatına birbaşa təsir göstərən əsas amillərdəndir.

Son aylarda bəzi məhsul və xidmətlərin qiymətlərində müşahidə olunan dəyişikliklər fonunda ilin sonuna qədər inflyasiyanın hansı istiqamətdə inkişaf edəcəyi, bahalaşma və ya ucuzlaşmanın hansı sahələri əhatə edəcəyi maraq doğurur. 

Bəs 2026-cı ilin sonuna qədər qiymətlərlə bağlı gözləntilər nələrdir və inflyasiyanın təsirlərini azaltmaq üçün hansı iqtisadi addımlar atıla bilər?

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nasirli “Cebheinfo.az”a bildirib ki, 2026-cı ilin sonuna qədər Azərbaycanda inflyasiyanın sabit qalacağı gözlənilsə də, qiymətlərə təsir edən həm daxili, həm də xarici amillər mövcud olacaq:

“Əsas risklər dünya ərzaq bazarlarındakı qiymət dəyişiklikləri, enerji və logistika xərcləri, idxaldan asılı məhsulların maya dəyəri, eləcə də iqlim şəraitinin kənd təsərrüfatına təsiri ilə bağlıdır.

Daxili bazarda əməkhaqlarının və bəzi xidmət xərclərinin artması da müəyyən məhsul və xidmətlərin qiymətlərinə təsir göstərə bilər.

Bununla yanaşı, manatın sabit qalması və pul-kredit siyasətinin nisbətən sərt saxlanılması inflyasiyanın daha yüksək həddə çatmasının qarşısını alan əsas amillərdən biri hesab olunur.

İlin sonuna qədər daha çox bahalaşması ehtimal olunan qruplar arasında ərzaq məhsulları, xüsusilə meyvə-tərəvəz, ət və süd məhsulları, eləcə də ictimai iaşə, nəqliyyat, səhiyyə və bəzi xidmət sahələri göstərilə bilər.

Mövsümi amillər və istehsal xərclərinin artması bu məhsulların qiymətlərinə təsir edə bilər. Ucuzlaşma ehtimalı isə əsasən dünya bazarında qiymətlərin azalmasından asılı olan bəzi idxal məhsullarında, məişət elektronikası və müəyyən texniki avadanlıqlarda müşahidə oluna bilər. Lakin bu, həm də valyuta məzənnəsi və qlobal bazardakı vəziyyətdən asılı olacaq”.

O bildirib ki, inflyasiyanın təsirini azaltmaq üçün dövlət bir neçə istiqamətdə addımlar ata bilər:

“Ən vacib tədbirlərdən biri pul-kredit siyasətinin inflyasiya risklərinə uyğun tənzimlənməsi, daxili bazarda rəqabətin gücləndirilməsi və inhisarçılıq hallarının qarşısının alınmasıdır.

Yerli istehsalın və kənd təsərrüfatının dəstəklənməsi, logistika xərclərinin azaldılması, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və ehtiyac yarandıqda sosial həssas təbəqələr üçün ünvanlı sosial dəstəyin artırılması da qiymət artımlarının əhali üzərindəki təsirini zəiflədə bilər.

Bu tədbirlərin effektivliyi isə onların nə qədər koordinasiyalı həyata keçirilməsindən, qlobal iqtisadi şəraitdən və bazar iştirakçılarının davranışından asılı olacaq”.

Ekspert qeyd edib ki, xarici inflyasiya təzyiqləri yüksək olduqda dövlətin imkanları müəyyən qədər məhdudlaşsa da, daxili bazarda rəqabətin artırılması və istehsalın genişləndirilməsi uzunmüddətli dövrdə inflyasiya risklərinin azaldılmasına daha davamlı təsir göstərə bilər.

Aişə Abdulova
“Cebheinfo.az”

Açar sözlər: İnflyasiya Akif Nasirli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью