Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Bəzən bir məlumat insanın düşüncəsini, bir həqiqət cəmiyyətin baxışını, doğru və vaxtında çatdırılan informasiya isə bütöv bir qərarın istiqamətini dəyişə bilir. İnformasiya insan üçün yalnız xəbər almaq vasitəsi deyil, həm də dünyanı anlamağın, hüquqlarını bilməyin və cəmiyyətdə baş verən proseslərdə fəal iştirak etməyin əsas şərtlərindən biridir. Elə buna görə də informasiyaya çıxış hüququ müasir dünyada insan hüquq və azadlıqlarının mühüm tərkib hissəsi kimi qəbul edilir.
Bu baxımdan 28 sentyabr xüsusi əhəmiyyət daşıyır. Hər il bu tarix Beynəlxalq İnformasiyaya Ümumi Çıxış Günü kimi qeyd olunur. UNESCO 17 noyabr 2015-ci ildə 28 sentyabrı Beynəlxalq İnformasiyaya Ümumi Çıxış Günü elan edib. Daha sonra BMT Baş Assambleyası 15 oktyabr 2019-cu ildə qəbul etdiyi müvafiq qətnamə ilə 28 sentyabrı beynəlxalq səviyyədə bu gün kimi rəsmən elan edib. BMT qətnaməsində informasiyaya çıxışın inkişaf, demokratiya, bərabərlik və ictimai xidmətlərin göstərilməsi baxımından əhəmiyyəti vurğulanır.
BMT-nin məlumatına görə, universal informasiyaya çıxış hər kəsin informasiya axtarmaq, əldə etmək və yaymaq hüququnu nəzərdə tutur. Bu hüquq ifadə azadlığı ilə sıx bağlıdır və azad medianın fəaliyyətinin mühüm şərtlərindən biri hesab olunur. UNESCO-nun məlumatına görə, 2025-ci ildə aparılmış araşdırmada 123 ölkə və ərazi ictimaiyyətin informasiyaya çıxışı ilə bağlı sorğuda iştirak edib, 141 ölkə və ərazidə isə informasiyaya çıxışın hüquqi təminatı mövcud olub.
2026-cı ildə Beynəlxalq İnformasiyaya Ümumi Çıxış Gününün mövzusu “Rəqəmsal dövrdə informasiya bütövlüyünün qorunması: informasiya pozuntularının aradan qaldırılmasında informasiyaya çıxışın rolu”dur. Mövzu təsadüfi seçilməyib. Çünki rəqəmsal texnologiyaların sürətli inkişafı informasiyanın əldə edilməsini asanlaşdırdığı kimi, yanlış və təhrif olunmuş məlumatların yayılmasını da sürətləndirib. Bu şəraitdə yalnız informasiyanın mövcudluğu deyil, onun vaxtında, etibarlı və düzgün mənbədən əldə edilməsi də mühüm əhəmiyyət daşıyır. BMT qeyd edir ki, etibarlı ictimai informasiya məlumatlı qərarların qəbuluna və cəmiyyətin ictimai həyatda mənalı iştirakına kömək edir.
Azərbaycan Respublikasında da informasiyaya çıxış hüququ Konstitusiya səviyyəsində təsbit olunub. Konstitusiyanın 50-ci maddəsinə əsasən, hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Həmin maddədə kütləvi informasiyanın azadlığına təminat verilir və kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağan edilir.
Bu hüququn həyata keçirilməsinin mühüm hüquqi əsaslarından biri “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunudur. Qanun informasiya əldə etmək hüququnun təmin edilməsinə yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. 2018-ci ildə qanuna edilmiş dəyişikliklərlə büdcə təşkilatlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin, büdcədənkənar dövlət fondlarının və səhmlərinin və ya paylarının 30 faizi və daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətlərinin illik maliyyə fəaliyyəti, o cümlədən dövlət büdcəsindən ayrılmış vəsait və dövlət əmlakından istifadə ilə bağlı məlumatların internet informasiya ehtiyatlarında açıqlanmasına dair qaydaların müəyyənləşdirilməsi nəzərdə tutulub.
İnformasiyaya çıxışın təmin olunmasında medianın da xüsusi rolu vardır. Azərbaycanda 2022-ci ildə qəbul edilmiş “Media haqqında” Qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayılmasının ümumi qaydalarını müəyyən edir.
İnformasiyaya çıxışın əhəmiyyəti xüsusilə müasir rəqəmsal mühitdə daha aydın görünür. Bu gün saniyələr ərzində dünyanın istənilən nöqtəsindən məlumat əldə etmək mümkündür. Lakin sürət həmişə doğruluq demək deyil. İnformasiya bolluğu şəraitində etibarlı mənbənin seçilməsi, faktla fikrin fərqləndirilməsi və yayılan məlumatın yoxlanılması həm media, həm də informasiya istehlakçısı qarşısında mühüm vəzifələr qoyur.
28 sentyabrın əsas mahiyyəti də məhz burada üzə çıxır: informasiyaya çıxış yalnız məlumat əldə etmək hüququ deyil, həm də insanların doğru məlumat əsasında düşünmək və qərar vermək imkanının qorunmasıdır. Açıq və əlçatan informasiya cəmiyyətin məlumatlılığını artırır, dövlət qurumları ilə cəmiyyət arasında qarşılıqlı etimadın möhkəmlənməsinə şərait yaradır, medianın ictimai rolunu gücləndirir. Doğru informasiya isə yalnız bu günü izah etmir, sabahın daha məlumatlı və məsuliyyətli cəmiyyətinin əsasını da yaradır.
Nurəngiz Adilqızı
XQ