Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 30 yanvar, AZƏRTAC
“Qarabağ”ın Avropada etdikləri tarixi uğurdur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Şimali Makedoniya millisinin və İngiltərənin “Vest Bromviç” komandasının sabiq futbolçusu Artim Şakiri deyib. Mütəxəssisin sözlərinə görə, Avropanın aparıcı klublarına qarşı oynamaq və bu matçlarda layiqli oyun nümayiş etdirmək böyük nailiyyətdir.
O, Azərbaycan təmsilçisinin UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin “Nyukasl” komandasına qarşı keçirəcəyi oyunlar haqqında da danışıb. Vaxtilə Ağdam klubunun formasını geyinmiş veteran oyunçu şansların bərabər olduğunu bildirib: “Liverpul”a 0:6 hesablı məğlubiyyəti geridə qoyub, “Nyukasl”la oyuna hazırlaşmaq lazımdır. Düşünürəm ki, bu qarşılaşma “Qarabağ”ın indiyədək keçirdiyi oyunlar arasında ən çətinlərindən biri olacaq”.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları fevralın 17-18-də, cavab matçları isə 24-25-də təşkil olunacaq. “Qarabağ” “Nyukasl”la ilk görüşü Bakıda keçirəcək.
Artim Şakiri 2003-2005-ci illərdə “Vest Bromviç”in şərəfini qoruyub.