futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Turan Tovuz” yoldaşlıq oyununda “Fənərbağça”ya uduzub – 0:2.
Tovuz təmsilçisinin kapitanlarından Faiq Hacıyev matçla bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı:
– Əvvəlcə, matçla bağlı fikirlərinizi bölüşərdiniz.
– Bizim üçün yaxşı oyun oldu. Güclü kollektivə qarşı mübarizə apardıq. Yaxşı epizodlarımız da oldu, amma dəyərləndirə bilmədik. Fürsətləri qola çevirə bilsəydik, nəticə fərqli alınardı.
– Oyundan hansı nəticələri çıxardınız?
– Yaxşı sınaq oldu. Belə matçlar futbolumuz üçün çox önəmlidir. İnşallah, bu cür oyunlar başqa klublarımıza da qismət olar.
– Yoldaşlıq görüşü olsa da, meydanda gərginlik var idi. Türkiyə mətbuatı iddia edir ki, “Turan Tovuz” sərt oynayırdı. Buna münasibətiniz necədir?
– Qarşılaşma gözlədiyimizdən gərgin keçdi. Biz sərt oynamadıq, maksimum çalışdıq ki, heç bir komandada zədələr olmasın.
– Rəqibin qırmızı vərəqə alması, amma matça 11 nəfərlə davam etməsi birmənalı qarşılanmadı. Bu məqam sizdə narazılıq yaratmadı?
– Yoldaşlıq görüşü idi və məncə, burada böyüdüləsi heç nə yoxdur. Normal qarşılayıram. Fikrimcə, oyunun tempinin aşağı düşməməsi üçün yaxşı qərar idi.
– “Fənərbağça”nın futbolçuları azarkeşlərə soyuq davranışıyla diqqət çəkdi. Sizə qarşı hansısa narazılıq yaradacaq məqam olmadı?
– Xeyr, hansısa narazılığımız yoxdur. Hər şey qaydasındadır.
– Kiminləsə forma dəyişdiniz?
– Xeyr.
– Ötən müsahibəmizdə bu klubun azarkeşi olduğunuzu demişdiniz. Yaxşı imkan olduğu halda, nə üçün formanızı dəyişmədiniz?
– Öz azarkeşlərimizdən birinə söz vermişdim ki, ona formamı verəcəyəm. Matçdan sonra da belə etdim. Onun sevinməyi mənim üçün daha vacib idi.
Şahin Cəfərov