Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Harvard Universitetinin alimləri ilk dəfə insan beyninin laboratoriya şəraitində 7 il ərzində inkişafını və qocalmasını davam etdirən orqanoidlərini yetişdiriblər.
Azpost.info bildirir ki, bu barədə Phys.org məlumat yayıb.
Söhbət insan beyninin bəzi xüsusiyyətlərini təqlid edən, kök hüceyrələrdən yaradılan kiçik hüceyrə modellərindən gedir. Ölçüləri bibər dənəsi ilə müqayisə ediləcək qədər kiçik olsa da, yeni orqanoidlər əvvəlki rekord göstəricini əhəmiyyətli dərəcədə üstələyib.
Əvvəllər belə toxumaları laboratoriyada iki ildən az müddət ərzində yaşatmaq mümkün olub.
Beyin toxuması illərlə necə yaşadı?
Beyin orqanoidləri kök hüceyrələrdən hazırlanır və alimlərə sinir sisteminin fəaliyyətini öyrənmək, həmçinin yeni dərmanların təsirini heyvanlar üzərində sınaq keçirmədən araşdırmaq imkanı verir.
Lakin belə modellərin əksəriyyəti cəmi bir neçə ay canlılığını qoruyur. Bu isə alimlərə əsasən beynin inkişafının ilkin mərhələlərini müşahidə etməyə imkan verir.
İnsan beyninin tam formalaşması və yetkinləşməsi isə təxminən iki onillik davam edir.
Harvard tədqiqatçıları tərəfindən yaradılan yeni hüceyrə modelləri isə insan orqanizmindən kənarda, embrional mühit olmadan belə illərlə böyüməyə, dəyişməyə və yetkinləşmə proseslərindən keçməyə davam edib.
“Hibrid beyin” modeli yaratdılar
Təcrübənin daha maraqlı hissələrindən biri müxtəlif yaşda olan orqanoidlərin birləşdirilməsi olub.
Tədqiqatçılar bir il ərzində inkişaf etmiş orqanoiddən olan hüceyrələri cəmi iki həftəlik toxuma ilə birləşdiriblər. Nəticədə süni ximerik hüceyrə strukturu yaradılıb.
Daha yetkin hüceyrələrin gənc toxumaların inkişafını sürətləndirdiyi müşahidə olunub. Bunun nəticəsində gənc toxumalar qısa müddət ərzində təbii inkişaf prosesində bir neçə aya uyğun mərhələni keçərək yetkin neyronlar formalaşdırmağa başlayıb.
Bu nəticə alimlərə beynin hüceyrə səviyyəsində necə inkişaf etdiyini və müxtəlif yaş mərhələlərində hüceyrələrin bir-biri ilə necə qarşılıqlı əlaqədə olduğunu daha uzun müddət ərzində öyrənmək imkanı verə bilər.
Alimlər vacib məqama diqqət çəkiblər
Tədqiqatçıların sözlərinə görə, laboratoriyada yetişdirilən bu orqanoidlər şüura malik deyil və mürəkkəb koqnitiv qabiliyyətlərə sahib deyil.
Bunun əsas səbəbi onların xarici mühitdən sensor informasiya almamasıdır.
Alimlər hesab edirlər ki, uzun müddət yaşayan belə hüceyrə modelləri gələcəkdə insan beyninin inkişafını, qocalma proseslərini və müxtəlif xəstəliklərin mexanizmlərini öyrənmək üçün mühüm tədqiqat vasitəsinə çevrilə bilər.
İnsan beyni dünyanın ən mürəkkəb bioloji sistemlərindən biri olaraq qalır. Yeni araşdırma isə onun inkişafını və qocalmasını laboratoriya şəraitində daha uzun müddət müşahidə etmək üçün yeni imkanlar açır.
Nadir Talıblı