Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.
Əksəriyyətimiz stressdən qaçmağa, mümkün qədər sakit həyat tərzi yaşamağa çalışırıq. Lakin son araşdırmalar göstərir ki bəzən bizim səhhətimizə zərərli hesab etdiyimiz vəziyyətlər belə fayda verə bilirmiş. Stress insanın yalnız əhvalına deyil, məlumatları necə yadda saxlamasına da təsir göstərir. Bəzi hadisələrin illər keçsə belə unudulmaması, digərlərinin isə qısa müddətdə yaddaşdan silinməsi alimlərin uzun müddətdir araşdırdığı məsələlərdəndir.
ABŞ-ın Yel Universitetinin tədqiqatçıları stress hormonu kortizolun emosional xatirələrin formalaşmasına necə təsir etdiyini araşdırıblar. Nəticələr göstərib ki, bu hormon emosiyaların emalında və yaddaşın formalaşmasında iştirak edən beyin şəbəkələrinin fəaliyyətini dəyişdirərək emosional baxımdan əhəmiyyətli məlumatların daha yaxşı yadda saxlanmasına kömək edə bilər.
Tədqiqatda 26 nəfər iştirak edib. İştirakçılara müxtəlif mərhələlərdə hidrokortizon — kortizolun sintetik forması — və təsirsiz plasebo verilib. Daha sonra onlar funksional maqnit-rezonans tomoqrafiyası (fMRT) vasitəsilə beyin fəaliyyəti izlənilərkən müxtəlif şəkillərə baxıblar. İştirakçılardan şəkillərin onlarda yaratdığı emosional reaksiyanı qiymətləndirmək istənilib. Ertəsi gün isə onların həmin şəkilləri nə dərəcədə xatırladıqları yoxlanılıb.Nəticələr göstərib ki, kortizol emosional təsiri güclü olan şəkillərin yadda saxlanmasını yaxşılaşdırıb. Lakin neytral məzmunlu məlumatların yadda qalmasında eyni təsir müşahidə edilməyib.
Tədqiqatçıların fikrincə, kortizol emosiyaların emalında iştirak edən beyin şəbəkələrinin fəaliyyətini daha sabit edir. Eyni zamanda, yaddaşla əlaqəli şəbəkələr emosional əhəmiyyət daşıyan məlumatları seçməkdə daha fəal iştirak edir. Bu iki sistem arasındakı koordinasiyanın güclənməsi emosional hadisələrin yaddaşda daha möhkəm iz buraxmasına şərait yarada bilər.
Araşdırmanın müəlliflərindən, Yel Universitetinin psixiatriya üzrə tədqiqatçısı Elizabet Qoldfarbın izahına görə, stress reaksiyası bəzi hallarda orqanizmin əhəmiyyətli hesab etdiyi məlumatları yadda saxlamağa kömək edir. Bununla belə, təsir bütün məlumatlara eyni şəkildə şamil olunmur.
Gündəlik həyatda stress çox vaxt diqqətin dağılması və məlumatları xatırlamaqda çətinliklə əlaqələndirilir. Yeni araşdırma isə göstərir ki, stressin yaddaşa təsiri daha mürəkkəbdir. Emosional baxımdan əhəmiyyətli hadisələr stress şəraitində daha yaxşı yadda qala bilər. Lakin bu nəticə stressin ümumilikdə faydalı olması və ya öyrənmə qabiliyyətini həmişə artırması demək deyil. Uzunmüddətli və həddindən artıq stress diqqətə, yuxuya və gündəlik fəaliyyətə mənfi təsir göstərə bilər.
Tədqiqatçılar hesab edirlər ki, əldə olunan nəticələr stress, yaddaş və bəzi stresslə əlaqəli pozuntular arasındakı münasibətin daha dərindən öyrənilməsinə kömək edə bilər. Bununla yanaşı, araşdırmanın azsaylı iştirakçılarla aparılması nəticələrin daha geniş qruplarda əlavə yoxlanılmasını zəruri edir. Yaddaşın formalaşması yalnız məlumatın qəbul edilməsindən deyil, beynin həmin məlumatı emosional baxımdan necə qiymətləndirməsindən də asılıdır. Yeni araşdırma stress hormonlarının bu prosesdə mühüm rol oynadığını göstərir.
Lalə Mehralı