Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Ölkə.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində Təşkilati-metodiki şöbənin həkim-metodisti Səbinə Nəbizadə deyib.
Onun sözlərinə görə, simptomların olmaması infeksiyanın təhlükəsiz və ya qeyri-yoluxucu olması demək deyil:
"Şəxs öz statusunu bilmədikdə yoluxdurma riski daha da artır, çünki infeksiyanın mövcudluğundan xəbərsiz olmaq profilaktik tədbirlərin tətbiqini zəiflədir. Odur ki, vaxtında başlanılmış və müntəzəm qəbul edilən antiretrovirus terapiya (ART) qanda virus yükünü təyin olunmayan səviyyəyə qədər endirə bilir və infeksiyanın ötürülmə riskini minimuma endirir. Beləliklə, erkən diaqnostika, müntəzəm laborator müayinələr və müalicəyə sadiqlik həm fərdi sağlamlığın qorunması, həm də epidemioloji təhlükəsizliyin təmin olunması baxımından əsas strateji tədbirlər hesab olunur".
Tibb işçiləri peşə fəaliyyəti zamanı təhlükəsizliklərini necə təmin etməlidirlər sualına gəldikdə isə S.Nəbizadə bildirib ki, İİV-in parenteral yolla ötürülməsini nəzərə alaraq, tibb işçiləri xüsusilə tibbi prosedurlar və digər invaziv müdaxilələr zamanı təhlükəsizlik tədbirlərini gözləməlidirlər:
"Xüsusilə kəsilmiş və ya dərin zədələr yüksək riskli yoluxma mənbəyi hesab olunur, çünki belə hallarda İİV-lə yaşayan şəxsin qanı birbaşa sağlam şəxsin qanına keçə bilər. Bu səbəbdən hər bir pasiyent potensial yoluxma mənbəyi kimi qəbul edilməli və onlarla işləyərkən müvafiq təhlükəsizlik tədbirləri tətbiq olunmalıdır. Bu məqsədlə işçilər əlcək, maska, qoruyucu geyim və eynəkdən istifadə etməli, iynə və digər kəsici alətlərlə diqqətlə işləməlidirlər. Tibbi alətlərin düzgün dezinfeksiya və sterilizasiyası infeksiyanın yayılma riskini minimuma endirir. Tibb işçisinin peşə fəaliyyəti zamanı təsadüfi zədələnmə baş verdikdə və İİV-lə yoluxma riski olan vəziyyətlərdə dərhal təmasdan sonra profilaktika (PEP) üçün müraciət etməlidir.
Tibbi xidmət göstərərkən təhlükəsizlik tədbirlərinə riayət etmək həm tibb işçilərinin, həm də pasiyentlərin qorunmasını təmin edir. Bu məqsədlə, Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən tibb işçiləri üçün “Tibb müəssisələrində İİV infeksiyasının profilaktikasına aid universal təhlükəsizlik qaydaları” adlı vəsait çap olunaraq tibb işçiləri arasında paylanıb".
Həmidə İbrahimova