Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
İnsan nəyi itirəndə həqiqətən böyüyür? Hamı elə bilir ki, insan yaş artdıqca, pasportda rəqəmlər dəyişdikcə avtomatik olaraq böyüyür.
Amma böyümək sadəcə təqvim yarpağının dəyişməsi və ya boyun uzanması deyil. İnsan illər keçsə də bəzən içində uşaq kimi qala bilir, bəzən də çox gənc yaşda birdən-birə özünü yaşından böyük hiss edir. Bəs insan əslində nəyi itirəndə böyüyür?
Mən düşünürəm ki, insan ilk növbədə o səssiz inamı itirəndə böyüyür. Uşaq vaxtı bizə elə gəlirdi ki, dünya ədalətlidir, böyüklər və valideynlərimiz hər şeyi bilir, hər hansı bir haqsızlıq olanda dərhal kimsə gəlib onu düzəldəcək. Həyatı sanki sonu xoşbəxtliklə bitən bir film kimi görürdük. Amma bir gün həyatın sərt üzünü görəndə, ilk dəfə haqsızlıqla üzləşəndə və ya cavabsız suallarla tək qalanda başa düşürsən ki, heç nə nağıldakı kimi deyil. İnsan həm də “hər şey yaxşı olacaq” rahatlığını itirəndə böyüyür.
Uşaqkən sabahın necə olacağını düşünməzsən, sabahın qayğısını böyüklər çəkər. Amma o gün gəlib çatır ki, sən artıq öz sabahına görə özün məsuliyyət daşıyırsan. Səhər yuxudan oyananda qarşına çıxan çətinliklərin arxasında heç kimin dayanmadığını, atanın və ananın yanında olmadığını, hər şeyi özün həll etməli olduğunu görəndə içindəki o uşaq səssizcə küncə çəkilib oturur.
Böyümək həm də hər kəs tərəfindən sevilmək istəyindən uzaqlaşmaqdır. İnsan bir müddət sonra anlayır ki, nə etsə də, hamını razı salmaq mümkün deyil. Bəzən öz qərarını vermək, başqalarının həmin qərarı bəyənməyəcəyini bilə-bilə onun arxasında dayanmaq lazım gəlir. Çünki insan başqalarının gözləntilərinə uyğun yaşadıqca öz istəklərini unutmağa başlayır. Digər tərəfdən, insan hər sualın cavabını tapa bilməyəcəyini qəbul edəndə də dəyişir.
Həyatda elə hadisələr var ki, onların səbəbini nə qədər axtarsaq da, aydın cavab tapa bilmirik. Bəzən bir insanın niyə dəyişdiyini, bir hadisənin niyə baş verdiyini və ya əlimizdən çıxan bir fürsətin niyə bizə qismət olmadığını heç vaxt tam anlaya bilmirik. İnsan bütün suallarına cavab tapmadan da yoluna davam etməyi öyrənməlidir.
Məncə, böyüməyin ən vacib tərəflərindən biri də insanın öz səhvlərini qəbul etməsidir. Çünki hər qərarımız istədiyimiz nəticəni vermir. Əvvəllər uğursuzluqlarımızın səbəbini şəraitdə və ya başqa insanlarda axtara bilərik. Hətta bunu məndə etmişəm və bəzən Allaha üsyan etmişəm. Lakin zaman keçdikcə anlayırıq ki, bəzi nəticələr öz seçimlərimizin məhsuludur. Səhv etməkdən daha vacibi həmin səhvdən heç nə öyrənməməkdir.
Bəlkə də böyümək dünyanı bəzəyən o çəhrayı eynəyi çıxarıb hər şeyi olduğu kimi, çılpaq şəkildə görməkdir. İnsan dünyadakı hər kəsi xilas edə bilməyəcəyini, hər kəsin onu anlamayacağını və bəzi şeylərin heç vaxt dəyişməyəcəyini anladığı gün böyüyür. Bu itki əvvəlcə adama ağır gəlir, insanı qorxudur və sullar içində boğulursan. Amma məhz o uşaq sadəlövhlüyünü itirdikdən sonra insan həyatı dərk etməyə, dünyanı öz gözləri ilə görməyə başlayır.
Nəticədə, mən düşünürəm ki, böyümək insanın yalnız nələr qazandığı ilə deyil, nələri geridə qoymağı bacardığı ilə də ölçülür. Lakin bu, insanın tamamilə dəyişməsi və əvvəlki özündən imtina etməsi demək deyil. Əksinə, bütün yaşananlara baxmayaraq daxilindəki yaxşılığı, mərhəməti və ümid etməyi qorumaq vacibdir. Bəlkə də həqiqətən böyümək uşaqlığımızı tamamilə itirmək deyil, həyatın çətinliklərini tanıdıqdan sonra belə içimizdəki gözəl tərəfləri qoruyub saxlaya bilməkdir.
Abdullayeva Elyanə
Azərbaycan Turizm və Menecment Universiteti
LQ-2601 qrup tələbəsi
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin