Bizimyol saytına istinadən Icma.az xəbər verir.
Belə hallarda Ermənistanla, hətta Gürcüstanla müqayisədən qıcıqlananlar olur. Bəs kiminlə müqayisə edək?! Avstriya ilə?! Yoxsa Fransa ilə?!
Bilirsiniz, əvvəlki quruluş dövründə Azərbaycanda yazan az idi, oxuyan çox idi, indi yazan çoxdur, oxuyan azdır. Deyəsən, dahilərdən birinin dediyi kimi, bir oxucuya həddindən çox yazıçı düşür. Tərsinə çevrilmiş piramidayıq. Yazıçılar Birliyinin 3 min üzvü varmış! Adam başına düşən yazıçı sayına görə yəqin ki dünyada ön yerlərdən birindəyik, amma nə yazırıq, nə oxuyuruq?! Daha doğrusu, niyə oxumuruq?!
Bizdə kitaba az qala nifrət formalaşdırıblar. Qələmlə dolana bilməyən adamlar ya baş qaldırıb qılıncdan keçirilib, ya başını əyib qılınc altından keçib. Niyə?! Çünki xalqımız oxumaq istəmir. Kitaba xərclədiyimiz pulu çölə atmış kimi hiss edirik. Özümüzü məişətin dörd divarına həbs etmişik.
Oxumaq, düşünmək, danışmaq... Biz bunlardan üçüncüsünü seçmişik. Efirlərdə hər kəsin ağzına gələni danışmağı da burdan gəlir. Yunq deyirdi, düşünmək çətindir, ona görə sürüyə qatılmağa meyl edən çoxdur.
Düşünmək çətindir. Ancaq dünyanı dəyişən də məhz düşüncələrdir. Düşüncənin mühərriki isə kitabdır. Cəmiyyətin dəyişməsində kitabın əvəzsiz rolu var. Kitabın bəşər tarixini dəyişməsinə dair onlarla, bəlkə yüzıərlə misallar gətirmək olar. Məsələn, din mədəniyyətinə, milli dövlətçilik şüurunun formalaşması prosesinə baxın. Bunların əsasında kitab dayanır.
Mənim həyatımda kitabların roluna gəlincə, əslində, mənim həyatım kitabdır. Dünyaya gözümü açandan bəri dünyanın əsl şəklini kitabda görmüşəm, əsl dünyanı kitab şəklində görmüşəm. Kitablarla böyüdüm, kitablarla yaşlandım. Biz dünyaya iki dəfə gəlirik, biri anadan olanda, bir də oxuyub-yazmağı öyrənəndə. Sonra isə oxuduğumuz hər yeni kitabla özümüzü hər dəfə bir kitab boyu böyüdürük. Bəziləri elə bilir, uşaq vaxtı böyüdük, bitdi. Xeyr! İnsan ömrü boyu böyüyür; elmlə, biliklə, doğru informasiya ilə böyüyür. Ya da əksinə bunlarsız kiçilir. Kiminin boyu 160 sm., kimininki 190 sm. ola bilər. Ancaq hər kəs intellekti boydadır. Başqa cür desək, hər kəs oxuduğu kitab qədərdir. Nə az, nə çox. İnsan cansız əşya deyil ki, fiziki ölçülərinə, fiziki xassələrə görə ölçülsün. İnsan mənəvi ölçüləri ilə dəyərlidir.
Hər insan ruhunun öz bədənində cövlan edə bildiyi qədər diridir, ya da ölüdür. Ölmək bir dəfə deyil ki! Ruhu ölüvay olanı diri saymaq olarmı?! Yox! İntellekt, ruh, mənəviyyat... bunların qidası bilgidir, sənətdir, sevgidir. Eləcə də, kitaba sevgi...
Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info