Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Sabahdan şirniyyatı tərgidirəm”, “Bazar ertəsindən idmana başlayıram”, “Bu həftədən səhərlər tez duracağam”. Yəqin ki, bu sözləri hər birimiz özümüzə dəfələrlə demişik. Bəs niyə bazar günü axşam böyük həvəslə qurduğumuz planlar səhəri gün iş-gücün, yorğunluğun içində itib-batır?
Mövzunun “Yeni Sabah”a şərh edən psixoloq Fəridə Şərifova bunun səbəblərini və dəyişməyə haradan başlamaq lazım olduğunu izah edib:
“Məncə, bazar ertəsi həyatımızda bir az sehrli günə çevrilib. Sanki bazar günü axşam özümüzlə ciddi bir söhbət edirik: “Sabahdan hər şey dəyişir! Artıq şirniyyat yeməyəcəyəm, idmana başlayacağam, səhərlər tez oyanacağam, telefonda az vaxt keçirəcəyəm, özümə daha çox vaxt ayıracağam...” Hətta bəzən həmin planları qurarkən o qədər həvəslənirik ki, elə bil dəyişikliyin yarısını artıq etmişik. Amma bazar ertəsi gəlir, işlər başlayır, gündəlik qayğılar, məsuliyyətlər, yorğunluq...” İnternet mağaza
Psixoloq bildirib ki, əslində, burada maraqlı bir psixoloji məqam var. İnsan yeni başlanğıcları sevir:
“Yeni il, ad günü, ayın biri, bazar ertəsi... Çünki bunlar bizə sanki keçmişdən ayrılıb təmiz bir səhifə açmaq hissi verir. Elə bil dünən edə bilmədiklərimiz artıq geridə qalıb və bu dəfə hər şey mükəmməl olacaq.
Amma bəzən bazar ertəsini gözləməyimizin səbəbi dəyişməyə hazır olmamağımız deyil, dəyişməyə başlamağın məsuliyyətindən çəkinməyimizdir. Çünki plan qurmaq rahatdır, o planı hər gün davam etdirmək isə zəhmət tələb edir. Məsələn, özünə daha çox vaxt ayırmaq, idmana başlamaq, kitab oxumaq istəyən bir insanı düşünək. Bazar günü bütün həftəsini planlaşdırır. Amma bazar ertəsi iş, ev, gündəlik qayğılar başlayır və axşam özünə ayırmağı düşündüyü vaxt yenə başqalarına sərf olunur. Bəlkə də həmin insan bir saatlıq boş vaxt gözləmək əvəzinə, günün içində cəmi 10 dəqiqə ilə başlasa, bunu davam etdirmək daha asan olar. Məncə, biz bir şeyi öyrənməliyik: həyatımızı dəyişmək üçün onun tamamilə sakitləşməsini gözləmək lazım deyil. Çünki o ideal gün bəlkə də heç vaxt gəlməyəcək”.
F.Şərifovanın sözlərinə görə, bəzən yeni həyat bazar ertəsi başlamır; sadəcə, insan bir gün özünə deyir:
“Bu gün özüm üçün kiçik də olsa, bir şey edəcəyəm”. Və əslində, dəyişiklik elə həmin an başlayır:
“Beynimizin burada özünəməxsus bir məntiqi var. O, bizim qurduğumuz böyük planlara həmişə eyni həvəslə yanaşmır, çünki tanış olanı sevir. Tanış olan isə həmişə faydalı olmasa da, bizə daha rahat görünür.
Məsələn, illərdir səhərlər gec oyanan bir insan sabahdan saat 6-da qalxmağa qərar verir. İlk gün bunu böyük həvəslə edir. Amma bir neçə gün sonra hava soyuq olur, gecə yaxşı yatmır, səhər zəng çalanda beynindən ilk keçən fikir bu olur: “Bir az da yatım, sabah davam edərəm”. İndi burada özümüzə bir sual verək: Həmin insan həqiqətən tənbəldir, yoxsa illərdir formalaşmış bir vərdişi dəyişməyə çalışır? Beyin üçün yeni davranış əlavə səy deməkdir. Biz illərlə müəyyən qaydada yaşamışıqsa, birdən-birə bütün vərdişlərimizi dəyişmək asan deyil. Üstəlik, gündəlik həyatın yorğunluğu da var.
Başqa bir nümunə: İşdən yorğun gələn bir insan idmana getmək istəyir, amma evə çatanda divan onu daha çox cəlb edir. Çünki divana uzanmaq artıq tanış bir rahatlıqdır, idmana getmək isə əlavə enerji və qərar tələb edir”.
“Mən bir məqama xüsusi diqqət çəkmək istəyirəm. Bəzən biz özümüzdən elə şeylər tələb edirik ki, sanki insan olduğumuzu unuduruq. Yoruluruq, həvəsdən düşürük, bəzən heç nə etmək istəmirik. Amma bütün bunları dərhal iradəsizlik kimi qiymətləndiririk. Halbuki davamlı dəyişiklik üçün özümüzlə mübarizə aparmaqdan daha çox, özümüzə uyğun bir yol tapmağı öyrənməliyik.
Məsələn, idmana başlamaq istəyiriksə, ilk gündən bir saatlıq məşq planlamağa ehtiyac yoxdur, 10 dəqiqəlik gəzinti ilə başlaya bilərik. Kitab oxumaq istəyiriksə, özümüzə hər gün 50 səhifə oxumaq şərti qoymayaq, beş səhifə də başlanğıcdır.
Məncə, insanı dəyişdirən böyük həvəslər deyil, həvəsinin olmadığı günlərdə belə edə bildiyi kiçik addımlardır”.
Psixoloq qeyd edib ki, bu məsələyə bir az fərqli yanaşmalıyıq. Çünki bəzən insanın özünə qarşı münasibəti onun dəyişmək istəyindən daha sərt olur:
“Təsəvvür edin, bir insan bazar ertəsi səhər qərar verir ki, artıq axşamlarını daha faydalı keçirəcək: telefonla az vaxt keçirəcək, kitab oxuyacaq, ailəsinə vaxt ayıracaq. İlk iki gün hər şey plana uyğun gedir.
Üçüncü gün işdə gərginlik yaşayır, evə yorğun gəlir və yenə özünü sosial şəbəkələrdə saatlarla vaxt keçirərkən tapır.
Sonra başlayır özünü qınamağa: “Mən niyə başladığım işi davam etdirə bilmirəm? Niyə özümə verdiyim sözün arxasında dura bilmirəm?” Halbuki həmin insanın bir axşam planından kənara çıxması onun dəyişə bilməyəcəyi demək deyildir. Bəlkə də həmin gün onun sadəcə dincəlməyə ehtiyacı olub. Burada çox vacib bir məqam var: Bəzən insanı yoldan çıxaran etdiyi kiçik səhv deyil, həmin səhvə verdiyi mənadır. Məsələn, sağlam qidalanmağa başlayan biri axşam bir parça tort yeyibsə, bütün planın pozulduğunu düşünməməlidir. Bir dəfə idmana getməyibsə, deməli, bütün həftə uğursuz keçməyib. Bizdə bir az da belə düşüncə var: ya hər şeyi düzgün etməliyəm, ya da heç etməliyəm. Halbuki həyat bu qədər ağ-qara deyil.
Məncə, biz özümüzə qarşı daha anlayışlı olmağı öyrənməliyik. Bu, özümüzə bəhanə vermək deyil, əksinə, səhvimizi qəbul edib yenidən davam etməkdir.
Bir şeyi də unutmayaq: dəyişiklik düz bir xətt üzrə getmir. Bəzən irəli gedirik, bəzən dayanırıq, bəzən də əvvəlki vərdişlərimizə qayıdırıq. Bu, prosesin təbii bir hissəsidir.
Mənim insanlara demək istədiyim əsas fikir budur: Özünüzə verdiyiniz sözləri pozduğunuz gün özünüzdən üz döndərməyin. Çünki insanın ən çox dəstəyə ehtiyacı olduğu an məhz özündən narazı qaldığı andır. Özümüzü dəyişmək istəyiriksə, əvvəlcə özümüzlə münasibətimizi dəyişməliyik. İnsan özünün ən sərt tənqidçisi deyil, ən etibarlı dayağı olmağı da bacarmalıdır”.
Cəlalə Cəlalqızı