Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Cənubi Koreyada alimlər qalınlığı cəmi 17,5 mikrometr olan yeni kompozit film hazırlayıblar. Bu göstərici insan saçının qalınlığının təxminən beşdə birinə bərabərdir.
Korea "Institute of Materials Science" (KIMS) və Korea "Institute of Science and Technology" (KIST) alimlərinin hazırladığı material karbon nanoboruları və "MXene" adlı nanomaterialın birləşməsindən yaradılıb. Tədqiqatçılar bu quruluşu “kərpic və məhlul” sisteminə bənzədirlər: karbon nanoboruları möhkəmliyi təmin edir, MXene isə onların arasında birləşdirici qat rolunu oynayır.
Sınaqlar zamanı məlum olub ki, ultranazik film elektromaqnit dalğalarının 99,9999999 faizindən çoxunu bloklaya bilir. Material eyni zamanda infraqırmızı şüalanmanı azaldaraq istilik kameraları kimi sistemlərdə aşkarlanmanı çətinləşdirə bilir.
Yeni filmin daha bir diqqətçəkən xüsusiyyəti onun möhkəmliyidir. Cəmi 17,5 mikrometr qalınlığında olmasına baxmayaraq, materialın dartılma möhkəmliyi 1,02 giqapaskala çatır. Alimlər həmçinin onun yüksək temperatur, rütubət və təkrar deformasiyalar şəraitində sabitliyini sınaqdan keçiriblər.
Tədqiqatçılar yeni materialın gələcəkdə aviasiya və kosmik texnologiyalarda, pilotsuz uçuş aparatlarında, 5G və 6G rabitə sistemlərində, eləcə də geyilə bilən və qatlanan elektronikalarda istifadə edilə biləcəyini bildirirlər.
Araşdırmanın nəticələri 2026-cı ilin avqustunda Advanced Composites and Hybrid Materials jurnalında dərc olunub.
Hazırladı:
Səadət Rzayeva
XQ