Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Mehriban Əliyevanın təşəbbüsü, Prezident İlham Əliyevin dövlət qayğısı səhiyyədə yeni sosial dəstək mərhələsi yaradır
Dövlət siyasətinin mahiyyətini müəyyənləşdirən ən mühüm meyarlardan biri insan amilinə verilən dəyərdir. İnsan sağlamlığının qorunması isə bu dəyərin ən həssas və ən vacib ifadəsidir. Azərbaycanda son illər səhiyyə sahəsində həyata keçirilən ardıcıl tədbirlər də məhz bu yanaşmanın praktiki nəticələrini ortaya qoyur. Yeni əməkhaqqı islahatı isə həmin siyasətin tibb işçisinə yönələn mühüm istiqamətlərindən biridir.
Bu dəfə diqqət çəkən məqam təşəbbüsün Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən irəli sürülməsi və Prezident İlham Əliyevin həmin təşəbbüsü müsbət qarşılayaraq onun həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıq verməsidir. Təşəbbüsün əsas məqsədi tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, onların əməyinin daha yüksək qiymətləndirilməsi və səhiyyədə insan kapitalının gücləndirilməsidir.
Bu yanaşmanın arxasında sadəcə əməkhaqqı artımı dayanmır. Burada dövlətin səhiyyə sisteminin ən böyük sərvətinin – insan resurslarının inkişafına verdiyi önəm görünür. Çünki ən müasir xəstəxana, ən bahalı avadanlıq və qabaqcıl tibbi texnologiya belə, onların arxasında dayanan peşəkar həkim, tibb bacısı və digər mütəxəssislərin biliyi, məsuliyyəti və fədakarlığı olmadan gözlənilən nəticəni verə bilməz.
Yeni qaydaların miqyası da diqqətəlayiqdir. 2026-cı il sentyabrın 1-dən tətbiq olunan əməkhaqqı islahatı TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 min 212 tibb işçisini əhatə edir. Bunun üçün TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat artırılıb.
Rəqəmlər islahatın sosial miqyasını aydın göstərir. Orta tibb heyətinin əməkhaqqında artım 17 faiz, kiçik tibb heyətində isə 18 faiz təşkil edəcək. İlkin səhiyyə xidməti göstərən ailə və sahə həkimlərinin aylıq əməkhaqqı 1150 manatdan 2000 manatadək yüksəldilir. Təcili tibbi yardım sistemində çalışan müxtəlif kateqoriyalı həkimlərin əməkhaqlarında da əhəmiyyətli artımlar nəzərdə tutulub.
Xüsusilə regionlara diqqətin artırılması sosial siyasətin mühüm tərəflərindən biridir. Kadr çatışmazlığının daha çox hiss olunduğu rayonlarda müəyyən ixtisaslar üzrə həkimlər üçün əlavə stimullaşdırıcı mexanizmlərin tətbiqi nəzərdə tutulur. Məsələn, regionlarda çalışan uşaq anestezioloq-reanimatoloqlarının aylıq əməkhaqqı 1450 manatdan 3000 manatadək, neonatoloqların əməkhaqqı 1450 manatdan 2400 manatadək, hemodializ həkimlərinin əməkhaqqı isə 1450 manatdan 2250 manatadək artırılır.
Bu rəqəmlərin arxasında daha böyük bir məqsəd dayanır: ixtisaslı tibbi kadrların regionlarda fəaliyyət göstərməsi üçün real stimul yaratmaq. Paytaxtdan kənarda çalışan həkim üçün yalnız maaş artımı deyil, onun peşəsinin və əməyinin dövlət tərəfindən xüsusi qiymətləndirildiyini görməsi də mühüm motivasiya amilidir.
İslahatın diqqətçəkən xüsusiyyətlərindən biri də əməkhaqqının tibbi xidmətin keyfiyyəti ilə əlaqələndirilməsidir. Yeni mexanizmdə həkimlərin həvəsləndirici ödənişlərinin göstərilən xidmətin keyfiyyəti və pasiyent məmnuniyyəti ilə əlaqələndirilməsi nəzərdə tutulur. Beləliklə, əməkhaqqı yalnız görülən işin həcminə deyil, onun nəticəsinə də bağlanır.
Bu, səhiyyə idarəçiliyində mühüm yanaşmadır. Çünki xəstə üçün əsas göstərici həkimin nə qədər işləməsi deyil, aldığı tibbi xidmətin keyfiyyəti, diqqət və peşəkarlıqdır. Yeni mexanizmin məhz bu meyarları ön plana çıxarması dövlət qayğısının və sosial siyasətin insan yönümlü mahiyyətini daha aydın göstərir.
Azərbaycanın səhiyyə siyasətində insan amilinə diqqət yeni məsələ deyil. Heydər Əliyev Fondunun səhiyyə sahəsində həyata keçirdiyi layihələr də uzun illərdir bu istiqamətdə mühüm rol oynayır. Fondun rəsmi məlumatlarında tibb müəssisələrinin yenidən qurulması və inşası, diabetli uşaqlara və talassemiyadan əziyyət çəkən insanlara dəstək kimi layihələr səhiyyə fəaliyyətinin əsas istiqamətləri sırasında göstərilir.
Beləliklə, Mehriban Əliyevanın təşəbbüsü ilə gündəmə gələn yeni əməkhaqqı mexanizmi səhiyyəyə münasibətdə formalaşmış daha geniş dövlət siyasətinin məntiqi davamı kimi görünür. Bir tərəfdən tibb işçisinin sosial rifahı gücləndirilir, digər tərəfdən onun peşəkarlığı, məsuliyyəti və göstərdiyi xidmətin keyfiyyəti daha obyektiv qiymətləndirilməyə başlanır.
Burada Prezident İlham Əliyevin təşəbbüsə verdiyi dəstək də xüsusi məna daşıyır. Təşəbbüsün qəbul edilərək konkret maliyyə mexanizminə çevrilməsi dövlət siyasətində sosial məsələlərin qərar səviyyəsindən icra mərhələsinə qədər ardıcıl şəkildə müşayiət olunduğunu göstərir. 72 mindən artıq tibb işçisini əhatə edən və illik əməkhaqqı fondunu 189 milyon manat artıran qərar bu baxımdan yalnız rəqəmlərlə ölçülən dəyişiklik deyil.
Əslində, səhiyyəyə dövlət qayğısının ən mühüm göstəricisi xəstəxanaların sayında və avadanlıqların müasirliyində olduğu qədər, həmin sistemin insanlarına münasibətdə də özünü göstərir. Həkimin əməyinə verilən qiymət, tibb bacısının məsuliyyətinin nəzərə alınması, regionda çalışan mütəxəssisə əlavə stimul yaradılması – bütün bunlar bir məqsədə, insan sağlamlığının daha etibarlı qorunmasına xidmət edir.
Bu mənada Mehriban Əliyevanın təşəbbüsü ilə Prezident İlham Əliyevin dövlət səviyyəsində dəstəklədiyi yeni əməkhaqqı islahatı səhiyyədə mühüm sosial mesaj verir: insana xidmət edən insanın əməyinə də dövlət qayğısı göstərilməlidir. Bu qayğının ən mühüm nəticəsi isə yalnız tibb işçisinin rifahında deyil, sabah onun qarşısında dayanacaq pasiyentin daha keyfiyyətli, daha diqqətli və daha peşəkar tibbi xidmət almasında özünü göstərəcək.
Səhiyyə sisteminin gələcəyi, əslində, məhz bu qarşılıqlı məsuliyyət üzərində qurulur. Dövlət tibb işçisinə güvənir və onun əməyini qiymətləndirir; tibb işçisi isə öz növbəsində bu etimadı peşəkarlığı, vicdanı və insan həyatına məsuliyyəti ilə doğruldur. Belə bir münasibət formalaşdıqda səhiyyə yalnız xidmət göstərən sistem deyil, insanın dövlət qayğısını gündəlik həyatında hiss etdiyi mühüm sosial institut kimi daha da möhkəmlənir.
Nurəngiz Adilqızı
XQ