Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
İnsanla heyvanın fərqi bəzən düşündüyümüz qədər böyük deyil.
Heyvan acanda yemək axtarır, doyanda dayanır. İnsan isə bəzən sahib olduqları ilə kifayətlənmir. Heyvan təhlükə qarşısında özünü qoruyur, insan isə bəzən ona zərər verdiyini bildiyi şeylərə belə bağlanır. Heyvanlar dilimizi bilmir, amma səsimizdən qorxduğumuzu, sevindiyimizi hiss edə bilir. Biz isə eyni dili danışdığımız insanların nə hiss etdiyini anlamaqda çətinlik çəkirik.
Bəzən heyvanların davranışlarında insanlarda görmədiyimiz mərhəmətə rast gəlirik. İnsan isə bəzən köməyə ehtiyacı olanı görməzdən gəlir, hətta sahib olduğu ağıl və imkanlardan başqalarını alçaltmaq və istismar etmək üçün istifadə edir. Heyvanlar bir-birini görünüşünə görə ayırmadığı halda, insan qarşısındakını geyiminə, maddi vəziyyətinə və statusuna görə qiymətləndirir. Sanki insanın dəyəri necə biri olması ilə deyil, nəyə sahib olması ilə ölçülür.
İnsanlar bəzən yaxşılıq edərkən belə qarşılıq gözləyirlər. “Mən onun üçün bunu etdim, o da mənim üçün etməlidir” düşüncəsi yaxşılığı belə bir növ alış-verişə çevirir. Halbuki yaxşılıq qarşılığında nə əldə edəcəyini düşünmədən ediləndə öz həqiqi dəyərini tapır. Biz heyvanları dişləri və pəncələri ilə zərər verdiklərinə görə “vəhşi” adlandırırıq. Halbuki insanın düşünmədən dediyi bir söz illərlə sağalmayan yara aça bilər. Üstəlik, insan bəzən qarşısındakını incitdiyini bildiyi halda bunu etməkdən çəkinmir. Deməli, vəhşilik təkcə diş və pəncə ilə deyil, insanın sözləri və davranışları ilə də özünü göstərə bilər.
İnsan yalnız digər insanlara deyil, yaşadığı təbiətə də zərər verir. Öz rahatlığı naminə meşələri məhv edir, suları çirkləndirir, canlıların yaşayış yerlərini yox edir. Sonra da həmin canlıları “vəhşi” adlandırır. Halbuki bəzən təbiətdəki ən böyük vəhşiliyin səbəbkarı elə insanın özüdür.
Bəlkə də insanı düşündürən ən qəribə məqamlardan biri sahib olduqları ilə heç vaxt kifayətlənməməsidir. Heyvan üçün qayğı və yaxınlıq kifayət etdiyi halda, insan bəzən qarşısındakını puluna, görünüşünə və statusuna görə qiymətləndirir. Özündə olanların dəyərini görmək əvəzinə başqasının sahib olduqlarına göz dikir. Nəticədə əlində çox şey olsa belə, özünü xoşbəxt hiss edə bilmir.
İnsanı heyvandan fərqləndirən əsas xüsusiyyətlərdən biri düşünmək və seçim etmək qabiliyyətidir. Heyvan yaşamaq üçün mübarizə aparır, insan isə bəzən başqalarının necə yaşamalı olduğunu müəyyənləşdirməyə çalışır. Lakin düşünmək qabiliyyətinə sahib olan insan bəzən ən ağır zərəri də bilərək verir. Özünü heyvandan üstün hesab etsə də, onun gücündən öz xeyri üçün istifadə edir: kotanı öküzə qoşur, yükünü ata daşıdır və öz işini asanlaşdırır.
Bəs ağlı ilə öyünən insanın başqa bir canlının gücündən bu şəkildə istifadə etməsi onu həqiqətən daha üstün edirmi? Ağıllı olmaq hər şeydən öz xeyrinə istifadə etmək deməkdirmi? Əslində, insan olmaq gücün çatdığı halda incitməməyi, haqlı olduğun halda alçaltmamağı, heç bir qarşılıq gözləmədən yaxşılıq etməyi bacarmaqdır.
Çünki insanın ən böyük üstünlüyü daha ağıllı olması deyil, ağlının verdiyi imkanlarla yaxşılığı seçə bilməsidir. Və bəlkə də dünyanın ən ağır sualı budur: Əgər heyvan instinkti ilə yaşayırsa, insan bəhanə ilə yaşayırsa, onda həqiqətən hansımız daha vəhşiyik? İnsan heyvana baxıb deyir: “Vəhşi heyvandır.” Özümüzü heyvandan üstün hesab etməzdən əvvəl bir anlıq dayanıb düşünməliyik: Həqiqətən üstünük, yoxsa sadəcə daha çox şey bilirik?
Mənim düşüncəmə görə insan sadəcə öz vəhşiliyinə “normal həyat” adını qoymağı bacarıb. Bəlkə də ən böyük ironiya budur: heyvan insan olmaq istəmir, insan isə bəzən insan qalmağı bacarmır.
Cəfərli Jalə
Azərbaycan Turizm və Menecment Universiteti,
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin