Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Həkimlər bu bəladan xilas olmağın ilkin yolunu Günəşlə təmasda görürlər
D vitamini çatışmazlığı dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da geniş yayılmış problemlərdən biridir. Bu vitaminin orqanizm üçün çox gərəkli olduğu aparılan araşdırmalarda dəfələrlə sübut edilmişdir.
Mütəxəssislər bildirirlər ki, bu vitamin təkcə sümük sağlamlığı üçün deyil, həm də immun sistemi, əzələ funksiyaları və maddələr mübadiləsinin normal fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır. Yay fəslinin bitməsinə sayılı günlər qalıb, üzü payıza gedirik. Günəş şüalarının azaldığı, təbiət qoynunda gəzintilərin məhdudlaşacağı bir dövr bizi gözləyir. Bəs bədənimiz payıza, qışa hazırdırmı?
Endokrinologiya və maddələr mübadiləsi xəstəlikləri üzrə Türkiyənin tanınmış mütəxəssisi, professor İdris Kuzu uzun illər orqanizmdə D vitamini çatışmazlığı ilə bağlı araşdırmalar aparmış və fikirlərini davamlı olaraq yazdığı məqalələrlə cəmiyyətə çatdırmışdır. Professor məqalələrinin birində bu barədə yazır: “D vitamini yağda həll olmaqla yanaşı, orqanizmdə hormon kimi də fəaliyyət göstərir. Onun əsas mənbəyi günəş şüalarıdır. D vitamini dərinin günəşdən gələn ultrabənövşəyi (UVB) şüalarla təması nəticəsində sintez olunur. Bundan əlavə, bəzi qidalar və həkim tövsiyəsi ilə qəbul edilən əlavələr də bu vitaminin mənbəyi hesab edilir”.
Bəs D vitamininin çatışmazlığı insanda hansı problemlərə səbəb olur?
Cəmiyyətdə belə fikir formalaşıb ki, bu vitaminin çatışmazlığı əsasən, uşaqlarda hiss olunur və özünü “raxit” adlanan xəstəliklə göstərir. Professorun fikrincə isə, orqanizmdə D vitamini çatışmazlığı yalnız sümük sağlamlığına təsir etmir. Uşaqlarda özünü “raxit”lə göstərsə də, böyüklərdə “osteoporoz”, “osteomalasiya” (sümüklərin yumşalması) və sınıq riskinin artması ilə əlaqələndirilir.
D vitamini səviyyəsinın aşağı olması özünü müxtəlif əlamətlərlə də büruzə verir. Buna əzələ zəifliyi, xroniki yorğunluq, ümumi halsızlıq, əzələ və oynaq ağrıları, tez-tez yıxılma riskini misal göstərmək olar.
Endokrinoloq bildirir ki, D vitamini yağda həll olur və bədənimizdə bir sıra funksiyaları yerinə yetirir. Qida ilə qəbul edilən kalsium və fosforun bağırsaqlardan sorulmasını təmin edir; sümük əriməsinə yol açan parathormonun artıq sekresiyasının qarşısını alır; bədəndə kalsium və fosfor tarazlığını təmin edir; immun sistemə müsbət təsir göstərir; hipertenziya, ürək xəstəlikləri, bəzi onkoloji və autoimmun xəstəliklərə qarşı qoruyucu təsiri var.
D vitamini əsasən, günəş işıqları təsiri altında dəridə əmələ gəldiyindən insan hər gün qolları, ayaqları və üzünü örtülməmiş vəziyyətdə 20 dəqiqə günəşin altında saxlasa, bu, günlük D vitamini dozasını almış deməkdir. Lazımi günəş işığının miqdarı insanın dəri rəngindən, yaşından, günəşlənmə müddətindən (20 dəqiqədən az və ya çox) asılı olur.
Qara ciyər və böyrəkdə dəriyə təsir edən günəş işığı ilə əmələ gələn və ya qida ilə aldığımız D vitaminini aktiv hala çevirən maddələr (enzimlər) var. Xroniki qara ciyər və ya böyrək çatışmazlığı olan insanlarda bu maddələr yetərli miqdarda olmur. Buna görə D vitamini aktiv formaya çevrilmir və onun çatışmazlığı ortaya çıxır.
D vitamininin dəridə əmələ gəlməsi yaş artdıqca azalır. Tünd dərililərdə isə bu vitaminin dəridə əmələ gəlməsi üçün günəş altında çox qalmasına ehtiyac var, xüsusilə də qış aylarında. Qeyd edək ki, günəş kremləri (SPF faktoru 20 və çox olan) istifadə edənlərdə D vitamini yaranmır.
Araşdırmalar göstərir ki, D vitamini immun hüceyrələrinin normal fəaliyyətini də dəstəkləyir. Bəs müalicə olunan zaman bəzi hallarda D vitamini niyə yüksəlmir?
Professor qeyd edir ki, günəşə çıxmağa və ya əlavələr qəbul etməyə baxmayaraq, bəzi insanlarda D vitamini səviyyəsi istənilən həddə çatmır. Bunun da fərqli səbəbləri var. Günün böyük hissəsini qapalı məkanlarda keçirmək, yüksək qoruyuculu günəş kremlərindən istifadə etmək, dərinin tünd rəngli olması, artıq çəki və piylənmə, çölyak və Kron xəstəliyi kimi sorulma pozğunluqları, bəzi mədə-bağırsaq əməliyyatları D vitamini çatışmazlığının əsas səbəbləridir. Qara ciyər və böyrək xəstəlikləri, yaşlanma ilə əlaqədar D vitamini sintezinin azalması, epilepsiya əleyhinə dərmanların, kortikosteroidlərin və bəzi digər preparatların, eyni zamanda, əlavələrin qeyri-müntəzəm və ya düzgün qaydada qəbul edilməməsi, maqnezium çatmazlığını qeyd etmək olar.
Mütəxəssis vurğulayır ki, maqnezium D vitamininin aktivləşməsi üçün vacib mineraldır. Balqabaq tumu, badam, ispanaq, mərcimək, noxud, banan və avokado maqneziumla zəngin qidalar sırasındadır.
Bəs müayinələr zamanı D vitamininin çatışmazlığı aşkar edilərsə, nə etmək lazımdır?
Professorun sözlərinə görə, D vitamini çatışmazlığı aşkar edildikdə, ilk növbədə, onun səbəbi müəyyənləşdirilməlidir. Müalicə hər kəs üçün eyni olmur və yaş, bədən çəkisi, xroniki xəstəliklər, istifadə olunan dərmanlar və s. amillər nəzərə alınaraq fərdi şəkildə planlaşdırılır.
Bəzi hallarda gündəlik aşağı dozalar kifayət etdiyi halda, ağır çatışmazlıq zamanı həkim nəzarəti altında yüksək dozalı müalicə tətbiq oluna bilər. Mütəxəssis xəbərdarlıq edir ki, D vitamininin nəzarətsiz və yüksək dozada qəbulu böyrək daşları, qanda kalsiumun artması və böyrək zədələnməsi kimi ciddi fəsadlara səbəb ola bilər.
D vitaminini gündəlik qəbul etdiyimiz qidalarla da qazanmaq olur. Qızıl balıq, skumbriya, sardina və tuna kimi yağlı balıqlar; yumurta sarısı; qara ciyər; tam yağlı süd və süd məhsulları; D vitamini ilə zənginləşdirilmiş süd və səhər yeməyi məhsulları; bəzi göbələk növləri D vitamini ilə zəngindir.
Endokrinoloqlar bildirirlər ki, qidalar D vitamini artmasına kömək etsə də, əksər hallarda gündəlik tələbatı tam qarşılamır. Buna görə də balanslı qidalanma, kifayət qədər günəş şüası və zərurət olduqda həkim nəzarəti altında qəbul edilən əlavələr D vitamini səviyyəsinin qorunmasının ən etibarlı yolları hesab olunur.
Hazırladı:
Zərifə BƏŞİRQIZI
XQ