İnsanlar niyə canlı ünsiyyətdən qaçırlar?

09.11.2026

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İnsanlar arasında ünsiyyət formaları dəyişdikcə canlı görüşlərin gündəlik həyatda tutduğu yer də azalır. 

Telefon və sosial şəbəkələr vasitəsilə əlaqə saxlamaq asanlaşsa da, bu imkanlar dostlar və ailə üzvləri ilə üz-üzə görüşlərin əvvəlki səviyyədə qalmasına kifayət etmir. 

"Cebheinfo.az" xəbər verir ki, beynəlxalq araşdırmalar da son illərdə sosial münasibətlərdə bu istiqamətdə dəyişiklik baş verdiyini göstərir.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 2025-ci il oktyabrın 16-da dərc etdiyi “OECD ölkələrində sosial əlaqələr və tənhalıq” adlı hesabatda bu tendensiya ətraflı araşdırılıb.

Hesabata əsasən, Avropanın 21 ölkəsində dostları ilə hər gün görüşən 16-24 yaşlıların payı 2006-cı ildə 53 faiz olduğu halda, 2015-ci ildə 44 faizə, 2022-ci ildə isə 36 faizə enib. Beləliklə, 2006–2022-ci illər ərzində gənclər arasında dostlarla gündəlik üz-üzə görüşlərin payı 17 faiz bəndi azalıb.
Təşkilatın məlumatına görə, bu azalma bütün yaş qrupları arasında ən kəskin göstəricidir.

Sənəddə ailə üzvləri və dostlarla görüşlərin ümumi mənzərəsi də diqqət çəkir. Belə ki, Avropanın 21 ölkəsində birgə yaşamayan ailə üzvləri ilə hər gün görüşənlərin payı 2006-cı ildə 17 faiz, 2015-ci ildə 15 faiz, 2022-ci ildə isə 11 faiz olub.

Dostlarla gündəlik görüşənlərin göstəricisi isə müvafiq olaraq 21 faizdən 16 faizə, daha sonra 12 faizə düşüb. Üz-üzə görüşlərin azalması fonunda məsafədən ünsiyyətin artdığı müşahidə olunur. Belə ki, ailə üzvləri ilə hər gün telefon və ya rəqəmsal vasitələrlə əlaqə saxlayanların payı 2006-cı ildə 23 faiz olduğu halda, 2022-ci ildə 29 faizə yüksəlib.

Qeyd olunur ki, bu dəyişiklik gənclər arasında üz-üzə ünsiyyətin azalmasını tam kompensasiya etməyib. 16-24 yaşlıların dostları ilə hər gün mesajlaşma və sosial şəbəkələr vasitəsilə əlaqə saxlama göstəricisi 2015-ci ildəki 64,5 faizdən 2022-ci ildə 63,4 faizə düşüb.

OECD hesabatında sosial əlaqələrin zəifləməsinin xüsusilə gənclər və kişilər arasında daha aydın müşahidə olunduğu bildirilir. 2018–2022-ci illərdə 16-24 yaşlı kişilər arasında tənhalıq hissinin artımı 1,1 faiz bəndi olub. Eyni dövrdə bu yaş qrupundakı qadınlarda da tənhalıq göstəricisi yüksəlib. Bununla belə, 2022-ci ildə gənc qadınlar arasında tənhalıq hissi kişilərlə müqayisədə daha yüksək olub.

Qeyd edək ki, bu göstəricilər Avropanın 21 ölkəsinə aiddir. Məhz statistik rəqəmlər əsasən, 2022-ci ilədək olan məlumatları əhatə edir. 
Bu nəticələr göstərir ki, rəqəmsal vasitələr ünsiyyəti asanlaşdırsa da, canlı görüşlərin yerini tam tuta bilmir. İnsanların bir-biri ilə nə qədər tez-tez görüşməsi və sosial münasibətlərin keyfiyyəti isə müasir cəmiyyətin diqqət yetirməli olduğu məsələlərdən birinə çevrilir.

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью