İnsanlar niyə ənənəvi yox, vətəndaş nikahına üstünlük verirlər?

08.12.2025

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

“Son illərdə insanlar ənənəvi ailə modelindən daha çox vətəndaş nikahına yönəlirlər”.

Bu sözləri sosial psixoloq, ailə məsləhətçisi İlhamə Mustafayeva “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, insanların əksəriyyəti rəsmi nikaha girməyə müsbət yanaşmırlar:

“Çünki evliliyin məsuliyyətindən qaçırlar. Vətəndaş nikahı daha asan və rahatdır. Sadəcə hisslərini təmin edirlər. Rəsmi nikahda hər iki tərəfin bütün hüquqları qorunur. Ancaq vətəndaş nikahında hansısa öhdəlik olmur. Üstəlik, onlardan heç bir şey tələb edən də yoxdur. 

Məsələn, cütlük ayrılanda bəzən kişilər uşaqlarına atalıq belə vermədən çıxıb gedirlər. Nəticədə, qadınlar övladları üçün aliment ala bilmirlər. Bunun üçün atalıq təsbit olunmalıdır. Uzun hüquqi prosedurlar olduğuna görə qadınlar əziyyət çəkirlər”.

Ekspert qeyd edib ki, vətəndaş nikahında tərəflər istədikləri zaman ayrılırlar:

“Bu da bəziləri üçün daha rahat hesab olunur. Çünki rəsmi nikahda olduğun şəxsdən ayrılanda məhkəməyə müraciət etmək və aliment ödəmək lazımdır.

Vətəndaş nikahında isə belə şeylər olmur. İnsanlar istədiyi kimi öz partnyorlarını dəyişə bilirlər. Bu, cinsi cəhətdən də onlara sərf edir. Bu gün biri, sabah başqası ilə birlikdə olurlar. Yəni münasibətlər çox eybəcərləşib və bərbadlaşıb. Kim kimlə necə gəldi 3-5 ay münasibətdə olur. Üstəlik, bunu müasirlik elan edirlər. Lakin bu, biabırçılıqdan başqa bir şey deyil. Sadəcə dəhşətdir”.

Psixoloq vurğulayıb ki, nikahdankənar bir evdə yaşamaq avropalaşmaq demək deyil:

“Axı nə üçün Avropadan yaxşı şeyləri götürmürük? Avropa bu gün o yolla getmir. Biz onların nə vaxtsa getdiyi yolu indi gedirik. Hərçənd ki, avropalılar özü o yoldan qayıdıb. Onlar indi daha çox ailəyə bağlıdırlar. Avropa ölkələrində xəyanət artıq aşağı səviyyələrə enib. Biz isə onların uğursuz yolu ilə gedirik. İnsanlar anlamalıdırlar ki, sevdikləri, həyatlarını bölüşdükləri şəxs onların ailəsidir. Ailə isə nikahdankənar olmamalıdır".

Onun sözlərinə görə, Azərbaycanda ənənəvi ailə modeli dağılır:

“İnsanlar kütləvi formada vətəndaş nikahına üz tuturlar. Onun bir səbəbi də psixolojidir. Çünki bəzi insanlar uzun müddət ənənəvi ailə modelində əziyyət çəkiblər. Gənc qızlar analarının çəkdikləri əziyyətləri gördüklərinə görə səhv qərar verərək evlənmək istəmirlər. Onlar üçün ailə travmatik bir ssenari və ya kodlanmadır. Halbuki vətəndaş nikahı bizim cəmiyyətimiz üçün uyğun deyil və bizə yaraşmır. 

Ən gözəl model ənənəvi ailə modelidir. Əslində ənənəvi ailə modelini bir qədər müasirləşdirmək lazımdır. Yəni evlilikdə məcburiyyət və mənfəətlər olmamlıdır. Ər-arvad sosial, mədəni, psixoloji baxımdan bir-birinə uyğun gəlməlidir ki, xoşbəxt ailə həyatı yaşaya bilsinlər. Ümumiyyətlə, bir-birini sevən, qəbul edən insanlar istək və arzularını da nəzərə almalıdırlar. O zaman yaxşı ailə qura bilərlər. Ən gözəli budur”.

Elmir Mustafa
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью