Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Son dövrlər cəmiyyətdə stress, narahatlıq və psixoloji gərginlikdən şikayət edən insanların sayının artması diqqət çəkir. Gündəlik həyatın çətinlikləri, sosial şəbəkələrin yaratdığı süni gözləntilər, qeyri-sağlam həyat tərzi və psixoloji problemlərə yanlış yanaşma insanların ruh sağlamlığına təsirsiz ötüşmür. Xüsusilə payız fəslində mövsümi dəyişikliklərin də psixoloji vəziyyətə təsir etdiyi bildirilir.
Bəs insanlarda psixoloji gərginliyin artmasının əsas səbəbləri nədir və bu vəziyyətdən çıxış yolu hansıdır?
Mövzu ilə bağlı klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov KONKRET.az-a açıqlamasında payız fəslinin insanın psixoloji vəziyyətinə təsirindən danışıb.
Mütəxəssis bildirib ki, psixi pozuntuların iradəsizliklə əlaqələndirilməsi yanlış və savadsız yanaşmadır. Onun sözlərinə görə, psixi sağlamlıq problemləri insanın həyatına gözlənilmədən daxil ola bilər və bu zaman peşəkar dəstəyə müraciət etmək vacibdir.
Psixoloq qeyd edib ki, cəmiyyətdə psixi sağlamlıq mütəxəssisinə vaxtında müraciət mədəniyyəti formalaşmalıdır. İnsan bütün problemlərini təkbaşına həll etməyə məcbur deyil:
“Heç bir ağrı öz-özünə keçmir. Psixoloji ağrı da istisna deyil. Saxta psixoloqların elmi əsası olmayan məsləhətləri, sosial şəbəkələrdə yayılan psevdopsixoloji fikirlər və özünə diaqnoz qoymaq insanları peşəkar yardımdan uzaqlaşdırır. Psixologiya motivasiya şüarları və şəxsi qənaətlər toplusu deyil, elmi bilik və peşəkar məsuliyyət tələb edən sahədir”.
R.Nəcəfovun sözlərinə görə, rəqəmsal dünya da insanların psixoloji vəziyyətinə təsir göstərən amillərdəndir. Sosial şəbəkələrdə nümayiş etdirilən dəbdəbəli həyat, saxta uğur hekayələri və süni xoşbəxtlik görüntüləri insanlarda öz həyatlarından narazılıq yaradır. Davamlı müqayisə isə reallıqdan uzaq gözləntilərin formalaşmasına səbəb olur.
Mütəxəssis vurğulayıb ki, insanlar başqalarının nümayiş etdirdiyi həyatı yaşamağa çalışarkən öz həyatlarında sahib olduqları dəyərləri görməzdən gəlirlər.
O, əlavə edib ki, məqsədsizlik, qeyri-sabit həyat tərzi, yuxu rejiminin pozulması və fiziki passivlik də psixoloji dayanıqlığı zəiflədən amillər sırasındadır. İnsanın öz həyatını qurmaq əvəzinə başqalarını təqlid etməyə çalışması isə narazılıq və daxili gərginliyi daha da artırır.
Aynurə İsmayıl
KONKRET.az