Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İnsan münasibətlərində hissləri açıq ifadə etmək, yaşanan problemləri bölüşmək və emosional dəstək istəmək hər kəs üçün asan deyil.
Bəzi insanlar narahatlıqlarını başqaları ilə bölüşmək əvəzinə susmağa, yaşadıqları çətinlikləri daxilində saxlamağa üstünlük verirlər. Bu davranışın arxasında uşaqlıq dövründə formalaşan düşüncələr, rədd edilmək və anlaşılmamaq qorxusu, eləcə də cəmiyyətin emosiyalara münasibəti dayana bilər.
Zamanla vərdişə çevrilən emosional qapanma insanın özünü ifadə etməsinə, psixoloji vəziyyətinə və yaxın münasibətlərinə mənfi təsir göstərə bilər. Bəs insanlar niyə hisslərini gizlətməyə üstünlük verirlər və bu davranışın uzunmüddətli nəticələri nələrdir?
Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov “Cebheinfo.az”-a bildirib ki, insan hisslərini ifadə etməyi çox vaxt uşaqlıqda öyrənir:
“Əgər ailədə uşağın hissləri dinlənilməyibsə, ağlamağı zəiflik, etirazı hörmətsizlik kimi qəbul edilibsə, o, susmağı və problemlərini daxilində yaşamağı öyrənir. Sonradan rədd edilmək qorxusu və cəmiyyətin mühakiməsi bu davranışı daha da möhkəmləndirir. İnsan zamanla hisslərini ifadə etməməyi xarakter xüsusiyyəti kimi qəbul edir, halbuki bu, çox vaxt öyrənilmiş davranış modelidir. İnsan susmağı çox vaxt uşaqlıqda öyrənir. Emosional qapanma uzun müddət davam etdikdə depressiya, təşviş pozuntuları, psixosomatik şikayətlər və yaxın münasibətlərdə ünsiyyət problemləri yaradır”.
Onun sözlərinə görə, susdurulan hisslər yox olmur, psixoloji yükə çevrilir:
“İnsan hisslərini ifadə etmədikcə daxili gərginlik artır, problemlər həll olunmamış qalır və münasibətlərdə emosional məsafə yaranır. Bunu xarakter adlandırmaq düzgün deyil, çünki emosional qapanma psixoloji müdafiə mexanizmi və öyrənilmiş davranış modeli ola bilər”.
Psixoloq qeyd edib ki, bu vəziyyətdən çıxmaq üçün insan hisslərini tanımağı və ifadə etməyi öyrənməli, çətinliklər davam etdikdə isə psixi sağlamlıq mütəxəssisinə müraciət etməlidir.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin