Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Son dövrlərdə insanların öz istəklərindən və ehtiyaclarından çox, ətrafındakı şəxslərin gözləntilərini nəzərə alması diqqət çəkir.
Bəzi insanlar qarşı tərəfi incitmək, münasibəti korlamaq və ya mənfi reaksiya ilə üzləşmək qorxusundan istəmədikləri halda belə “yox” deməkdə çətinlik çəkirlər.
Daim başqalarını razı salmağa çalışma isə zamanla insanın öz sərhədlərini qorumamasına və emosional yorğunluğa səbəb ola bilər.
Bəs bu davranışın psixoloji səbəbləri nələrdir və uzun müddət davam etdikdə insana necə təsir edir?
Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov “Cebheinfo.az”-a bildirib ki, “yox” deyə bilməməyin arxasında çox vaxt rədd edilmək qorxusu və özünüdəyərin başqasının münasibətindən asılı olması dayanır:
“Uşaqlıqda sevgini, diqqəti və qəbul edilməyi itaət, uyğunlaşma və başqalarını razı salmaqla əlaqələndirən insan böyüdükdə də sərhəd qoymağı təhlükə kimi qəbul edir. Onun üçün “yox” sadəcə bir cavab deyil, münasibəti itirmək ehtimalıdır.
Bəzən insan qarşı tərəfi incitməkdən deyil, özünün günahkar hiss etməsindən qorxur. Ona görə də “hə” deyir, hətta daxilən istəməsə belə. Bu zaman insan başqasının emosional rahatlığını öz psixoloji rahatlığından üstün tutur.
İnsan öz dəyərini daxilən hiss etmədikdə onu başqalarının təsdiqi ilə kompensasiya etməyə çalışır. Nəticədə “məni sevsinlər” ehtiyacı “məni qəbul etsinlər” ehtiyacına, bu isə “onları narazı salmamalıyam” qaydasına çevrilir. Halbuki “hə” demək də, “yox” demək də mədəniyyətdir.
Sağlam münasibətdə sərhəd qoymaq hörmətsizlik deyil. Özünü itirmədən qarşı tərəfi nəzərə almaq emosional yetkinlikdir.
Həmçinin, daim başqalarını razı salmaq ehtiyacı insanın öz ehtiyaclarından uzaqlaşmasının göstəricisidir. Belə insan tədricən özünü nə istədiyi ilə deyil, başqalarının ondan nə gözlədiyi ilə müəyyənləşdirməyə başlayır”.
O bildirib ki, öz qərarlarını başqasının reaksiyasına görə verən insanın daxili azadlığı olmur:
“Bu davranış uzun müddət davam etdikdə emosional tükənmə, xroniki narazılıq, günahkarlıq hissi, sərhəd qoya bilməmək, yığılan inciklik və münasibətlərdə asılılıq yarada bilər. Ən təhlükəlisi isə insanın özünü başqasının məmnunluğunda itirməsidir.
Başqasını razı salmaqla xoşbəxtlik axtarmaq düşüncə xətasıdır. Çünki başqasının məmnunluğu dəyişkəndir, insanın öz dəyəri isə bunun üzərində qurulmamalıdır. İnsan emosional canlıdır.
Daim qərar verən, amma ehtiyaclarını ifadə etməyən insan bir müddət sonra verdiklərinə görə deyil, ala bilmədiklərinə görə inciməyə başlayır. Sağlam münasibət fədakarlığın sonsuzluğu deyil”.
Psixoloq qeyd edib ki, sağlam münasibətdə insan həm verir, həm alır, həm də öz sərhədini qoruyur:
“Özünü daim başqalarına uyğunlaşdıran insan bir gün özünü itirdiyini anlayır”.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin