İnsanlar psixi sağlamlıq problemlərini gizlədir Bəxtiyar Əliyev

30.06.2026

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

"Qanunun əsas məqsədi, ilk növbədə, Azərbaycan əhalisinin sağlamlığının qorunması, psixiatriya yardımının keyfiyyətinin daha da yaxşılaşdırılması, eyni zamanda cəmiyyətdə rast gəlinən bəzi faciəvi halların müəyyən mənada qarşısının alınmasıdır. Çünki bəzən insanlar müxtəlif səbəblərdən psixi sağlamlıqları ilə bağlı problemləri gizlədir, müalicəyə vaxtında müraciət etmirlər. Bu isə sonradan bir sıra xoşagəlməz və faciəvi nəticələrin ortaya çıxmasına səbəb olur. Buna görə də qanun layihəsinin qəbul edilməsi, əlbəttə ki, çox vacibdir".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Bəxtiyar Əliyev “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında danışarkən səsləndirdi.

O xatırlatdı ki, 2001-ci ildə "Psixiatriya yardımı haqqında" qanun qəbul edilərkən bu məsələ Milli Məclisdə geniş müzakirə olunub, bir sıra təkliflər irəli sürülüb:

"Həmin dövrdə beynəlxalq ekspertlərin, eləcə də yerli mütəxəssislərin iştirakı ilə geniş ictimai müzakirələr aparıldı və psixiatriya yardımı sahəsində mühüm hüquqi baza formalaşdırıldı. Hesab edirəm ki, bu gün təqdim olunan qanun layihəsi həmin islahatların davamı olmaqla, mövcud hüquqi mexanizmlərin daha da təkmilləşdirilməsinə xidmət edir. Bu baxımdan düşünürəm ki, qanun layihəsinin qəbul edilməsi Azərbaycan əhalisinin sağlamlığının qorunmasına, psixiatriya yardımı sisteminin daha da gücləndirilməsinə, həm psixi sağlamlıq problemi olan şəxslərin, həm də cəmiyyətin təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verəcək".

NURİYYƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью