Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Onun açarı oxumaq, öyrənmək, faydalanmaqdır
50 mindən çox kitab oxumuş filoloq, şair və kitab həvəskarı Xan Rəsuloğlu 3 il əvvəl Xalq TV-yə müsahibəsində bədii, elmi və publisist ədəbiyyatın təbliği, mütaliənin aspektləri, dünya və Azərbaycan oxucusunun kitab zövqü barədə geniş söhbət açmışdı. Budəfəki görüşümüz isə Beynəlxalq Kitabsevərlər Günü ərəfəsində oldu. Kitab və oxucu, günün çağırışlarının mütaliəyə təsirləri və sair məsələlərlə bağlı onun maraqlı mülahizələrini dinlədik.
Onunla tanışlığımızın yarım əsrlik tarixi var. Bu sətirlərin müəllifi tələbəlik illərində ştatdankənar müxbir kimi “Sumqayıt” qəzetinin redaksiyası ilə əməkdaşlıq edirdi. O zaman uşaqlar üçün hazırladığımız “Sevincimiz, ümidimiz, gələcəyimiz” adlı səhifədə məktəb şagirdi olan Xanın bir şeirini vermişdik. Sonra əlaqələrimiz artdı. Xan Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirdi, müəllimlik etdi, şeir kitabları çıxdı.
Sürətli oxu kursunda təlim keçdi. Sumqayıtda ən güclü kitab mütaliəçilərindən biri kimi tanındı. Hətta ona oxuduğu kitabların sayı ilə bağlı sənədləri “Ginnesin rekordlar kitabı”na təqdim etməyi məsləhət görənlər də oldu. O, bunu etmədi, amma oxumağa davam elədi və bukinist olaraq, minlərlə dəyərli nəşrin alqı-satqısını bacarıqla həyat keçirdi. İllərdir ki, ömrünü, gününü bu işə sərf edir. Bu barədə sualımızı belə cavablandırdı:
- Ömrün ötən illərindən danışanda yarızarafat-yarıgerçək deyirəm ki, həyatımı gündəlik hadisələrdən çox kitablarla keçirmişəm. Kitablardakı olaylarla daha çox yaşamışam. Peşman da deyiləm. Baxmayaraq ki, onlayn informasiya vasitələri insanları daha çox cəlb edir, amma kitabsevərlik də bir bəxtəvərlikdir, tale işidir. Mən hər gün saatlarla, bax, bu kitab dənizinə baş vurmasam, sanki havam çatışmaz.
- Sizcə, Beynəlxalq Kitabsevərlər Gününün məramı, hədəfi nədən ibarətdir?
- Başlıca şüar budur ki, insanlar kitaba ürəkdən bağlansınlar, bir-birinə kitab hədiyyə etsinlər. Bu, oxucuları mütaliəyə cəlb etməyin ən gözəl yoludur. Yeni nəşrləri, eləcə də artıq oxuduğumuz kitabları başqalarına bağışlaya, onların da faydalanmasını təmin edə və bununla mütaliəni dəstəkləyə, təşviq edə bilərik. Oxucuları cəlb etmək üçün yaxşı düşünülmüş ideyadır. Onu da xatırladım ki, dünyada belə bir bayram var – hər il fevralın 14-ü Beynəlxalq Kitab Bağışlama Günü kimi qeyd olunur. Beləliklə, oxu mədəniyyəti, kitabın cəmiyyət həyatındakı rolu artır.
- Zəngin kitab xəzinəniz var. Sumqayıtın N.Nərimanov küçəsində yerləşən bu darısqal bukinist mağazanıza bütöv bir dünyanı sığışdırmısınız. Hətta giriş pilləkənlərinə çoxlu kitab, dərs vəsaiti yığmısınız. Burada havayı verilən kitablar da az deyil. Dəfələrlə şahidi olmuşuq ki, oxucu ehtiyaclarına həssas yanaşaraq, kitabların bəzisini alıcılara elə-belə bağışlamısınız. Daha bir müşahidəmiz də bundan ibarətdir ki, sizin dükan bağlı olanda belə qapının ağzında çoxlu kitab qalır ki, istəyən götürsün...
- Mən buna sevinirəm. Yetərincə çətinliklərimiz olsa da, heç kəsi əliboş yola salmırıq. Bəzən də kitabı kiməsə oxuyub qaytarmaq şərtilə, bir növ, icarəyə veririk. Barter üsulundan da istifadə edirik, yəni birini ver – başqasını götür. Bütün bunlar bir mərama – oxucu ilə kitab arasındakı məsafəni daha da qısaltmağa, Nəsimi demişkən, kamil insanlar yetişdirməyə xidmət edir.
- Son illər ölkəmizdə kitab sərgi-yarmarkalarının keçirilməsi davamlı xarakter alıb. Bakıda, Sumqayıtda, digər şəhərlərdə ardıcıl olaraq belə bayramlar keçirilir. Elə may ayında paytaxtın Elmlər Parkında yüksək səviyyədə IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı təşkil olunmuşdu. İndi isə “Azərbaycan Mədəniyyəti-2040” Konsepsiyasına uyğun olaraq keçiriləcək XII Bakı Beynəlxalq Kitab Sərgisinə hazırlıq davam edir. Bu cür oxucu-kitab körpülərinin nə kimi xeyri var?
- Yarmarkalar, festivallar, sərgilər çox təqdirəlayiqdir. Həm yazıçı-oxucu ünsiyyəti yaranır, həm istənilən nəşrin əlçatanlığı təmin olunur, həm də naşirlər sosial sifarişi öyrənib hansı kitabları çapına üstünlük verəcəklərini müəyyənləşdirirlər. Burası da var ki, insanlar belə bayramlarda kitab üçün pul xərcləməyə qızırğalanmırlar. Evlərinə dəyərli və təzə kitablar alıb aparırlar.
- Bayaq siz də ötəri işarə vurdunuz ki, son vaxtlar informasiya texnologiyalarının, virtual şəbəkələrin inkişafı ənənəvi kitab mütaliəsini bir qədər sıxışdırıb...
- Danmaq olmaz, bu da var. Amma həqiqi kitabsevərlər mütaliə vərdişlərini unutmurlar. Çünki bu, ayrı bir zövqdür. Planşet oxusu, virtual platformalar isə ifrata varanda zərərli olur. Rəşad Məcid yazır ki, türkiyəli jurnalist Yılmaz Özdil saatlarla sosial mediada qurdalanmağı beyin çürüməsi adlandırır. Baxa-baxa, videoları ötürə-ötürə vaxtın necə keçdiyini bilmirik. Və bütün bunlardan yadda heç nə qalmır, düşünmək, kitab oxumaq vərdişini zəiflədən mənasız məzmunlar beyni çürüdür! Kitab, qəzet, mütaliə ani həzz yaradan videolar qarşısında, sanki, geri çəkilir, seçim azadlığı yırtıcı alqoritmlərin əsirinə çevrilir.
Bütün bunlar nəşr olunan kitabların tirajına da mənfi təsir göstərir. Amma, məncə, heç bir yeni texnologiya və sosial platforma kitab mütaliəsini əvəz edə bilməz. Kitabın sehri ayrı bir möcüzədir. Oxumağı sevən bir insan üçün hansı ədəbi janrı üstün tutmasından asılı olmayaraq, sevimli kitabı ilə, necə deyərlər, baş-başa görüş xoşbəxtlik anıdır və yeni bir əsəri oxumağın başlanğıcı, insan təxəyyülü üçün kəşf edilməsi lazım olan bir dünyadır...
- Sizin dükana daha çox yuxarı sinif şagirdləri, tələbələr gəlirlər. Bu, nə ilə əlaqədardır?
- Onlar daha çox dərs vəsaitləri, test kitabları istəyirlər. Ancaq bədii ədəbiyyatla maraqlananlar da olur. Bəzən onlar “nəyi oxuya bilərəm?” deyə soruşurlar. Mən hər biri ilə qısa söhbətdən sonra onlara zövqlərinə uyğun yazıçını, hansı kitabı oxumağı məsləhət görürəm. Bu da bir növ təbliğatdır. Buraya köhnə mütaliəçilər də çox gəlir və sovet dövründə kiril əlifbası ilə çap olunmuş dəyərli nümunələri seçərək, sərfəli qiymətə alıb aparırlar ki, şəxsi kitabxanalarını daha da zənginləşdirsinlər.
Söhbəti apardı:
Əli NƏCƏFXANLI
XQ