Instagram 90 dəqiqəlik video funksiyasını sınaqdan keçirməyə başlayıb

28.10.2026

Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müəllif:Mehin Qasımova,Banco.az

“Instagram” “YouTube” ilə rəqabəti gücləndirmək məqsədilə istifadəçilərə 90 dəqiqəyədək video paylaşmağa imkan verən yeni funksiyanı sınaqdan keçirir.

Banco.az xəbər verir ki, yeni format platformada uzun videolar üçün əlavə imkanlar yaradacaq. Funksiya hazırda məhdud sayda istifadəçi arasında sınaqdan keçirilir.

“Instagram”ın rəhbəri Adam Mosseri daha uzun videoların platformada paylaşılmasına ehtiyatla yanaşdığını bildirib. Onun sözlərinə görə, uzun məzmun istifadəçilərin “Reels” videolarına, fotolara və dostları ilə qarşılıqlı əlaqəyə ayırdıqları vaxtı azalda bilər.

Buna baxmayaraq, şirkət qısa və uzun videoları vahid məzmun ekosistemində birləşdirməyi planlaşdırır. Bu yanaşma istifadəçilərə podkastların tam versiyalarını, stand-up çıxışlarını və digər uzun videoları paylaşmaq, eyni zamanda həmin məzmunlardan qısa kliplər hazırlamaq imkanı verəcək.

“Instagram” həmçinin məzmun yaradıcılarına uzun videolardan avtomatik və ya asanlıqla qısa “Reels” klipləri hazırlamağa imkan verəcək yeni alət üzərində işləyir. Bu kliplər izləyiciləri videonun tam versiyasına yönləndirmək üçün istifadə oluna bilər.

Platformanın televizorlar üçün tətbiqlərini genişləndirməsi də uzun video strategiyasının bir hissəsi kimi qiymətləndirilir. Bu addım istifadəçilərə məzmunu daha böyük ekranlarda izləmək imkanı yarada bilər.

90 dəqiqəyədək video paylaşmaq funksiyası ilkin mərhələdə Braziliyada, daha sonra isə ABŞ-da məhdud sayda istifadəçi ilə sınaqdan keçirilir. Funksiyanın bütün istifadəçilər üçün nə vaxt əlçatan olacağı hələ açıqlanmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью