İnstaqram rəsmən hər yazdığımızı izləyəcək AÇIQLAMA

27.02.2026

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, Meta “Instagram”da yeniyetmələrin təhlükəsizliyini gücləndirmək üçün yeni mexanizm işə salır. Artıq müəyyən müddət ərzində intihar və ya özünə zərər mövzularını tez-tez axtaran azyaşlıların valideynlərinə avtomatik bildiriş göndəriləcək. İlkin mərhələdə ABŞ, İngiltərə, Avstraliya və Kanadada valideyn nəzarəti funksiyasından istifadə edən ailələr üçün aktiv olacaq sistem valideynlərə e-poçt, SMS, WhatsApp və tətbiqdaxili xəbərdarlıq vasitəsilə məlumat verəcək, həmçinin həssas mövzularda övladla ünsiyyətə kömək edən resurslar təqdim edəcək.
İnformasiya texnologiyaları üzrə mütəxəssis Natiq Məmişov Demokrat.az-a açıqlamasında bildirib k, bu cür sistemlər texniki baxımdan mümkündür, amma onları tam təhlükəsiz və etibarlı hesab etmək düzgün olmaz. 
"Etibarlılıq və təhlükəsizlik çox şeydən asılıdır. Məsələn, sistemin harada qurulmasından, telefonun özündə, tətbiq səviyyəsində, sosial platformada yoxsa şəbəkə üzərində və məlumatların necə işlənməsindən asılıdır. Ən etibarlı variant adətən cihaz və ya tətbiq səviyyəsində işləyən nəzarət mexanizmidir, məsələn, "parental control" tətbiqi və ya "iOS-level family safety". Bu üsul cihazda axtarış sorğularını birbaşa izləyə bilir və platformanın API dəyişikliklərindən daha az asılıdır, həmçinin real vaxt bildiriş göndərmək daha asandır".
Ekspert bildirib ki, buna baxmayaraq, yenə də məhdudiyyətlər var: 
"Uşaq başqa tətbiqdən, brauzerdən və ya “private mode”dan istifadə edə bilər. Yazılışı dəyişdirilmiş sözlər, slang, emoji və translit formalar (“dr*g”, “s3x” və s.) filtrdən yayınar. Səsli axtarışlar, şəkil üzərindəki mətn və video içi axtarışlar aşkarlanmaya bilər. Platformalar tez-tez UI/API dəyişdirdiyi üçün sistemin işləməsi zəifləyə bilər, xüsusən scraping əsaslı həllərdə. Beləliklə, bu sistemlər riski azaltmaq üçün faydalıdır, amma 100% nəzarət təmin etmir".
Ekspertin sözlərinə görə texniki imkanlara rəğmən sistemin yan keçmə yolları da mövcuddur. Yeniyetmələr gizli brauzer rejimlərindən istifadə edə, səsli axtarışlara müraciət edə və ya filtrdən qaçmaq üçün müxtəlif kodlaşdırılmış simvollardan, emojilərdən yararlana bilərlər. Bu səbəbdən süni intellekt əsaslı filtrlər riski azaltsa da, tam qorunma üçün hələ kifayət deyil.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью