Icma.az, Redaktor.az saytına istinadən bildirir.
Rusiyanın Velikiy Novqorod, Rostov-na-Donu, Kazan və Novosibirsk şəhərlərindən olan alimlər beynin fəaliyyətini dəstəkləyən zülalın bəzi xəstəliklər zamanı sinir hüceyrələrinin məhvinə səbəb ola biləcəyini müəyyən ediblər.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiyanın Elm və Ali Təhsil Nazirliyinin məlumatında bildirilib.
Araşdırmada söhbətin astrositlərdə (neyronları qida maddələri ilə təmin edən və onların fəaliyyətini dəstəkləyən beyin hüceyrələri) mövcud olan Cx43 zülalından getdiyi qeyd olunub.
Normal şəraitdə Cx43 hüceyrələr arasında maddələr mübadiləsini təmin edir və sinir toxumasının bərpasında iştirak edir. Lakin insult, eləcə də baş və onurğa beyni travmaları zamanı bu zülalın aktivliyi həddindən artıq arta bilər. Nəticədə o, ətraf toxumalara böyük miqdarda qlutamat və ATF (adenozintrifosfat) ifraz etməyə başlayır. Bu maddələrin normadan artıq olması iltihabı gücləndirir, ödemə səbəb olur və neyronların məhvinə gətirib çıxara bilər.
Təcrübələr zamanı zülalın yalnız zərərli maddələrin ifrazına cavabdeh olan hissələrinin fəaliyyətinin zəiflədilməsinin beyin zədələnməsini azaltdığı və funksiyaların bərpasını sürətləndirdiyi müşahidə olunub. Bununla belə, Cx43 zülalının tam bloklanması əks nəticə verə bilər. Belə ki, bu zaman normal şəraitdə sinir toxumasını dəstəkləyən hüceyrələrarası əlaqələr pozulur.
Alimlər bildiriblər ki, zülalın fəaliyyəti xroniki xəstəliklər zamanı da fərqli təsirlər göstərə bilər. Məsələn, Alzheimer xəstəliyi zamanı Cx43 beta-amiloid yığıntılarının ətrafında toplanaraq iltihabi prosesi dəstəkləyir. Depressiya və şizofreniya zamanı isə bu zülalın miqdarı əksinə, azala bilər. Bu da astrositlərlə neyronlar arasındakı əlaqəni pozaraq beynin fəaliyyətinə mənfi təsir göstərə bilər.
Tədqiqatçılardan biri, Novqorod Dövlət Universitetinin Tibb İnstitutunun direktor müavini, tibb elmləri namizədi Mitxat Həsənovun sözlərinə görə, zülalın təsiri xəstəliyin mərhələsindən, hüceyrələrin növündən və zülalın hansı funksiyasının pozulmasından asılıdır.
O bildirib ki, gələcəkdə hazırlanacaq dərman preparatları konneksinlərin (hüceyrələrarası əlaqəni təmin edən zülallar) patoloji aktivliyini hədəf almalı, eyni zamanda onların normal fəaliyyətini qoruyub saxlamalıdır.
Alimin sözlərinə görə, bu yanaşma təcrübələrdə ümidverici nəticələr göstərib. Lakin onun insanlar üzərində müalicə məqsədilə istifadəsinin effektivliyi və təhlükəsizliyi hələ araşdırılmalıdır.
NURİYYƏ