Intel Tramp ilə razılaşma çərçivəsində 5,7 milyard dollar əldə edib

29.08.2025

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Intel” ABŞ hökumətindən 5,7 milyard dollar alıb. Bu, Ağ Evin şirkətin 10%-lik səhmlərini almaq qərarı ilə bağlı razılaşmanın bir hissəsidir. 

Qaynarinfo CNBC-yə istinadla xəbər verir ki, maliyyə direktoru David Zinsner bunu investorlar üçün keçirilən konfransda təsdiqləyib. 

Zinsner bildirib ki, "Intel” həmçinin digər şirkətlər üçün mikrosxemlər istehsal edən "foundry” bölməsinə xarici investorları cəlb edə bilər. Onun sözlərinə görə, bu, istiqamətin inkişafı üçün əlavə maliyyə mənbəyinə çevriləcək.

Şirkət ikinci rübdə gözləniləndən yaxşı maliyyə nəticələri nümayiş etdirsə də, gələcək "foundry-biznesi” ilə bağlı narahatlıqlar səbəbindən səhmləri 8% ucuzlaşıb. Məhz bu bölmə "Intel”in qlobal bazarda mövqelərini bərpa etməsi üçün açar hesab olunur.

Ağ Evin mətbuat katibi Karolayn Levit isə bildirib ki, razılaşma hələ razılaşdırılır və detallar işlənməkdədir.

Bununla yanaşı, "Intel”in korporativ hesabatında qeyd olunub ki, ABŞ hökuməti ilə əməkdaşlıq investorlar, işçilər, müştərilər, tərəfdaşlar və hətta xarici hökumətlər arasında mənfi reaksiya doğura bilər. Şirkət məhkəmə iddiaları, həmçinin siyasi və ictimai təzyiqlərin artmasını da istisna etmir.

Beləliklə, investisiya "Intel” üçün maliyyə dəstəyi rolunu oynasa da, risklər və qeyri-müəyyənliklərlə müşayiət olunur.

Xatırladaq ki, ötən günlərdə SoftBank da "Intel”ə 2 milyard dollar sərmayə qoyacağını açıqlamışdı.

Alpər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью