Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
“İnter”in prezidenti Cüzeppe Marotta keçmiş futbolçusu Mauro İkardinin komandaya mümkün qayıdışı ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Klub rəhbəri argentinalı hücumçunun transferinin gündəmdə olmadığını açıqlayıb.
İdman.Biz xəbər verir ki, Marotta Çempionlar Liqasında “Feyenoord”la qarşılaşmadan əvvəl "Sky Sport"a müsahibəsində “İnter”in transfer planlarından danışıb.
“İkardi özünü bizə təklif etməyib. Onun klubumuza böyük xidmətləri olub, lakin hazırda planlarımıza daxil deyil. Beşinci hücumçunun alınmasını da düşünmürük. Dörd hücumçumuz var və onlardan üçünün eyni vaxtda sıradan çıxması sadəcə uğursuz təsadüfdür”, - deyə Marotta bildirib.
Klub prezidenti Türkiyə millisinin yarımmüdafiəçisi Hakan Çalhanoğlunun müqaviləsi ilə bağlı vəziyyətə də aydınlıq gətirib:
“Hazırda müqaviləsinin müddəti başa çatmağa yaxınlaşan yeganə futbolçumuz Çalhanoğludur. Onunla münasibətlərimiz çox yaxşıdır və narahatlığa əsas görmürük”.
Marotta Federiko Dimarkonun müqaviləsinin uzadılması üçün nəzərdə tutulan bəndin artıq aktivləşdirildiyini də təsdiqləyib. Onun sözlərinə görə, klub bu hüquqdan futbolçu ilə qarşılıqlı razılıq əsasında istifadə edib və tərəflər daha uzunmüddətli anlaşmanı müzakirə etməyə hazırdır.
Prezident Milan derbisindəki məğlubiyyətdən sonra komandadakı atmosferə də toxunub:
“Bu, sağlam kollektivdir, komandada problem yaradan futbolçu yoxdur. Son 40 oyunda cəmi üç dəfə məğlub olmuşuq və hər üç məğlubiyyət derbilərdə qeydə alınıb. Bu statistika üzərində düşünməliyik”.
Marotta Çempionlar Liqasını qazanmağın klubun əsas hədəflərindən biri olduğunu da vurğulayıb. Onun fikrincə, turnirdə rəqiblərin səviyyəsi o qədər yüksəkdir ki, hətta kiçik səhvlər belə həlledici ola bilər.