Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İtaliyanın “İnter” klubu qapıçı mövqeyini gücləndirmək üçün “Liverpul”un braziliyalı qolkiperi Alisson Bekker və “Mançester Siti”nin italiyalı qapıçısı Canluici Donnarummanı diqqət mərkəzində saxlayır.
İdman.Biz “Tuttosport” nəşrinə istinadən xəbər verir ki, Milan təmsilçisi 2027/2028 mövsümündə əsas qapıçı mövqeyini kimə həvalə edəcəyi barədə düşünməyə başlayıb.
Buna səbəb hazırkı əsas qapıçı Xosep Martinesin mövsümün ilk hissəsində bir sıra ciddi səhvlərə yol verməsidir. İspaniyalı futbolçu hələ də klubun gələcək planlarında yer alsa da, əsas heyətdəki mövqeyini qorumaq üçün çıxışını yaxşılaşdırmalıdır.
“İnter”in əsas namizədlərindən biri Alissondur. 34 yaşlı braziliyalının “Liverpul”la müqaviləsi 2027-ci ilin yayında başa çatır. Bu isə onun azad agent kimi transfer olunması ehtimalını yaradır.
Lakin qapıçının maaşı keçidə mane ola bilər. Alisson hazırda bonuslar nəzərə alınmadan illik yeddi milyon avro (təxminən 13,4 milyon manat) qazanır. Bonuslarla birlikdə bu məbləğ 10 milyon avroya (19,1 milyon manat) çatır.
Digər namizəd Canluici Donnarummadır. İtaliya millisinin qapıçısının gələcəyi “Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işinin nəticəsindən asılı ola bilər. İngiltərə klubu aşağı liqaya göndərilərsə, Donnarummanın komandadan ayrılması ehtimalı yarana bilər.
Bununla belə, italiyalı qapıçının illik 12-13 milyon avro (təxminən 22,9-24,8 milyon manat) maaş alması mümkün transferi çətinləşdirir.
“İnter”in nəzərdən keçirdiyi digər variantlar arasında Mile Svilar və Marko Karnesekki də var. Klubun yekun qərarı Xosep Martinesin mövsümün qalan hissəsindəki çıxışından asılı olacaq.