Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
“Bütün dünyada və xüsusilə median sürəti bizdən yüksək olan ölkələrdə yüksəksürətli paketlər digərlərinə nisbətən daha sərfəli təqdim edilir”.
Bunu Bakıvaxtı.az-a oktyabrın 1-dən Azərbaycanda internet tariflərinin dəyişəcəyi barədə xəbəri şərh edən İKT üzrə mütəxəssis Elvin Abbasov deyib.
Onun sözlərinə görə, minimal sürət paketləri 250-300 Mbit/s sürətlərlə başlayır, bizdə isə tərsinədir:
“Azərbaycan genizolaqlı internetin median sürəti üzrə 3 pillə daha irəliləyib. Amma bütün ölkəni əhatə edən 1 Gbit/s-lik infrastruktur qurulmasına baxmayaraq, provayderlər abunəçilərə yüksəksürətli paketləri verməkdə xəsislik edirlər. Hazırda bazarda provayderlər tərəfindən təqdim olunan 250 Mbit/s sürət tariflərində hər Mbit/s üçün orta ödəniş məbləği 0,14 AZN-dir. Düşünürəm ki, eyni sürəti daha yüksək qiymətə təklif etməklə deyil, hər Mbit/s üçün qiyməti aşağı salaraq daha yüksəksürətli paketlər təqdim etməklə nail olmaq olar”.
Elvin Abbasov, İKT üzrə mütəxəssis
E.Abbasova görə, hər Mbit/s üçün orta ödəniş məbləğini 10-20 faiz civarında ucuzlaşdırmaqla yüksəksürətli minimal paketlər təqdim edilə bilər:
“Həm də dəyişən bazar konyukturasında keyfiyyətin dayanıqlığı təmin olunar. Yəni qiymətdən öncə ölkə üzrə median sürətin yüksəldilməsi və dayanıqlı keyfiyyətin təmin edilməsi üçün provayderlər yüksəksürətli paketlərin əlçatanlığını artırmalıdırlar”.
Qeyd edək ki, oktyabrın 1-dən Azərbaycanda hazırda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit internet tarifləri vahid minimum olan 25 manatlıq tarifə keçiriləcək. Dəyişikliklər yalnız genişzolaqlı internet üçün nəzərdə tutulmuş xidmətlərinə şamil ediləcək və mobil rabitə ilə mobil internet paketlərinə təsir göstərməyəcək.
Bildirilir ki, qərar bazarda tariflərin vahidləşdirilməsi və telekommunikasiya infrastrukturunun daha da inkişaf etdirilməsi siyasəti çərçivəsində qəbul olunub. Yeni qaydaların minlərlə abunəçiyə təsir göstərəcəyi gözlənilir. Eyni zamanda, operatorlar yenilənmiş tarif paketləri çərçivəsində istifadəçilərə əlavə xidmətlər və ya daha yüksək internet sürəti təklif edə bilərlər. Hazırda provayderlər müştərilərini qarşıdakı dəyişikliklərlə bağlı mərhələli şəkildə məlumatlandırırlar.
Yeni tariflərin parametrləri və təfərrüatları barədə əlavə məlumatın operatorlar tərəfindən yaxın vaxtlarda açıqlanacağı gözlənilir.
Onu da bildirək ki, bazarda fəaliyyət göstərən bəzi alternativ provayderlərdə hələ də aylıq ödənişi 18 manat və ya daha aşağı olan sabit fiber-optik və ya ADSL internet tarifləri mövcuddur.
Aydın Baxış